ELM VƏ TƏHSİL
UNESCO-nun dəstəyilə reallaşdırılan layihədə iştirak edən şagirdlərə sertifikat təqdim olunub
Bakı, 18 mart, AZƏRTAC
UNESCO-nun dəstəyilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində şagirdlər üçün təşkil edilən təlimlərin bağlanış mərasimi keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı, Sumqayıt və Xırdalan şəhərlərini təmsil edən ümumilikdə 9 məktəbin şagirdləri iştirak edib.
Tədbirdə çıxış edən AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov ali məktəbə qəbul zamanı mühəndislik ixtisaslarının seçilməsinin şagirdlərə və ölkəmizə faydalarından danışıb. Daha sonra layihə haqqında ətraflı məlumat verilib. Layihə üzrə mütəxəssis Günel Ağabəyli “STEM təhsilində oxumağa imkan yaratmaq nə üçün vacibdir?” mövzusunda təqdimatla çıxış edib. O, layihə çərçivəsində mühəndislik seçimində şagird və tələbələr üçün hazırlanan bələdçi kitabçalarının əhəmiyyətində də danışıb.
Daha sonra “Elektronika, layihələndirilmə və proqramlaşdırma”, “Mühəndislik dizaynı” mövzuları üzrə də təqdimatlar keçirilib. Tədbirin sonunda layihə çərçivəsində təlimlərdə iştirak edən şagirdlərə sertifikatlar təqdim edilib.
Həmçinin “Uğurlu esse necə yazılmalıdır?” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Bununla da layihə çərçivəsində şagirdlər üçün nəzərdə tutulan tədbirlər başa çatıb.
Layihə çərçivəsində tələbələr üçün keçirilən təlimlər uğurla davam etdirilir. Təlimlərin martın 27-də yekunlaşması nəzərdə tutulur.