MƏDƏNİYYƏT


UNESCO-nun yaranmasından 75 il ötür

Bakı, 16 noyabr, AZƏRTAC

Bu gün UNESCO-nun (Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı) yaranma günüdür.

AZƏRTAC-ın məlumatına görə, 1945-ci il noyabrın 16-da yaradılan UNESCO-nun mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.

UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilib, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.

Təşkilatın əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.

1972-ci ildə UNESCO tərəfindən “Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya” qəbul edilib. Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkənin nümayəndəsinin qatıldığı toplantıda qəbul edilib. Türkiyə bu sənədi imzalayan ilk iyirmi dövlət arasındadır.

Mərkəzi Parisdə olan və Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır.

Azərbaycan 1992-ci ildə iyunun 3-də UNESCO-ya üzv qəbul edilib. Ölkəmizdə UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin mart ayında Bakıda Beynəlxalq Muğam Festivalı keçirilib.

Mehriban Əliyeva Azərbaycan tarixini, mədəni irsini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərir: İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınıb. Azərbaycan ötən ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.