İQTİSADİYYAT
“UNİBANK”IN İSTEHLAK KREDİTLƏRİ EHTİYATI ARTIR
Sentyabrın 1-nə olan məlumata görə, “UniBank”ın kredit portfeli 11,7 milyon ABŞ dolları təşkil etmişdir. Bu, iyulun 1-nə olan göstəricidən 10 faiz çoxdur. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, portfelin dinamik artımını təmin edən cəhətlərdən biri də bankın fəal surətdə gerçəkləşdirdiyi istehlakı kreditləşdirmə proqramıdır. Sentyabrın 1-nə bankın istehlak kreditləri portfeli 1,9 milyon ABŞ dollarından artıq olmuşdur. Bu, iyulun əvvəlinə nisbətən iki dəfə artıqdır. Kreditlərin sərfəli şərtlərlə verilməsi, habelə kredit sifarişinin nəzərdən keçirilməsi və sonrakı kreditvermə prosedurunun sadələşdirilməsi proqramın uğurla gerçəkləşdirilməsini təmin edir. Bank əhaliyə kredit verilməsini üç əsas istiqamətdə həyata keçirir: avtomobil, mebel, habelə təşkilat və məişət texnikası alınması üçün kreditlər. Kreditlər malın dəyərinin 60-70 faizi məbləğində, illik 24-26 faizlə 18 ay müddətinə verilir.