CƏMİYYƏT
UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru “ADA” Universitetində olub
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xan Azərbaycana rəsmi səfəri çərçivəsində “ADA” Universitetində mühazirə oxuyub.
AZƏRTAC xəbər verir ki, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xanın fəaliyyəti barədə məlumat verib.
Bu gün Azərbaycanın 1992-ci ildə ratifikasiya etdiyi Uşaq Hüquqları Konvensiyasının UNICEF tərəfindən qəbul edilməsinin ildönümünün qeyd edildiyini bildirən regional direktor deyib ki, bütün uşaqlara ölkələrinin parlaq gələcəyi naminə savadlı və istedadlı böyümələri üçün imkanların yaradılması vacibdir. Əfşan Xan uşaqlara, xüsusilə qayğıdan məhrum olmuş uşaqlara qoyulan investisiyanın dayanıqlı iqtisadi inkişafa, çiçəklənməyə imkanlar yaradacağını vurğulayıb.
Son on ildə bir çox ölkədə uşaqlar üçün görülən tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdıran Ə.Xan deyib ki, 1990-cı illərdən etibarən Avropa və Mərkəzi Asiya regionu üzrə 5 yaşa qədər uşaqların ölüm sayında iki dəfə azalma müşahidə olunub. Araşdırmalar göstərir ki, ən azından orta təhsili olan qadınların körpələri arasında ölüm səviyyəsi kəskin azalıb.
Dünyada aclıqdan əziyyət çəkən, fiziki məhdudiyyəti olan uşaqların cəmiyyətdən təcrid olunduğunu vurğulayan Ə.Xan bildirib ki, Avropa və Mərkəzi Asiya regionunda 3 milyon yarım əlil uşaq diqqətdən kənarda qalıb, onların adları hətta sosial qeydiyyatda belə yoxdur.
“2002-2012-ci illər ərzində bu regionda yoxsulluq yarıdan çox azalıb. Regionda ötən iyirmi ildə uşaqların təhsilə cəlb edilmə səviyyəsi 95 faizə yaxındır. Həmçinin saxlama məntəqələrindəki uşaqların sayı 60 faiz azalıb. Düşünürəm ki, uşaqların dustaq olmasındansa, yenidən cəmiyyətə qaytarılması daha yaxşıdır. Çünki onlar içəridə cinayətkarlığa daha çox meyilli olurlar”, - deyə Ə.Xan bildirib.
Azərbaycanın hazırda iqtisadi, sənaye inkişafı mərhələsində olduğunu qeyd edən regional direktor bildirib ki, artıq 2006-cı ildən 5 yaşından birinci sinfə qatılan uşaqların sayında artım var.
Sonra tələbələrin sualları cavablandırılıb.
Tədbirdə rəsmi şəxslər, rektorlar, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri, tələbələr iştirak ediblər.