CƏMİYYƏT


UNICEF-in icraçı direktoru: Heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir

Bakı, 23 avqust, AZƏRTAC

Məlum olduğu kimi, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan, dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Nəticədə 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olub, digər mülki şəxs, 1965-ci il təvəllüdlü Səlminaz Quliyeva ağır yaralanıb və mülki obyektlər dağıdılıb.

Bununla əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Entoni Leykə müvafiq bəyanat göndərərək Ermənistanın təcavüzünə son qoyulması, ümumbəşər beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad edilməsi, Ermənistan hərbi qüvvələrinin bu ərazilərdən çıxarılması, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtması və bütün insan hüquqlarından tam faydalanması üçün beynəlxalq təşkilatları, dünya dövlətlərini birgə qətiyyətli səylər göstərməyə, tədbirlər görməyə çağırıb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, bu günlərdə UNICEF-in direktorunun köməkçisi Kornelius Uilyams tərəfindən insan hüquqları müvəkkilinin ünvanına daxil olan məktubda həmin bəyanata görə təşəkkür edilir. Vurğulanır ki, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir.

Məktubda göstərilir ki, BMT-nin baş katibinin mart ayında qeyd etdiyi kimi, BMT bütün tərəfləri atəşkəs sazişini sarsıda biləcək istənilən hərəkətlərdən çəkinməyə, onları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qətiyyət nümayiş etdirməyə səsləyən çağırışı dəstəkləyir və UNICEF bu cür həll yolunun əldə edilməsi üçün səylərin davam etdiyi bir vaxtda münaqişənin təsirinə məruz qalan bütün uşaqların hər cür müdafiə ilə təmin edilməsinə ümid edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.