SİYASƏT


UN HABITAT Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa-quruculuq prosesini dəstəkləyə bilər

Yaxın gələcəkdə UN HABITAT tərəfindən texniki missiyanın Azərbaycana göndərilməsi nəzərdə tutulur

 

Katovitse, 28 iyun, AZƏRTAC

Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti BMT-nin Yaşayış Məskənləri Proqramının (UN HABITAT) mütəxəssisləri ilə ikitərəfli görüş keçirib.

AZƏRTAC-ın məlumatına görə, görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycanın şəhər və yaşayış məskənlərinin inkişafında təcrübəsindən danışıb və qeyd edib ki, hazırda Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirir, bütöv şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Azad edilmiş ərazilərdə həyata keçirilən müasir quruculuq işlərinə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyaları daxildir.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə bir neçə şəhərin Baş planı artıq hazırlanıb və bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevə Kəlbəcər şəhərinin Baş planı təqdim olunub. Azad edilmiş ərazilərdə infrastruktur layihələri sürətlə davam etdirilir, Qarabağda üç beynəlxalq hava limanından biri Füzuli rayonunda artıq istifadəyə verilib. Azad edilmiş ərazilərin yaşıl enerji bölgəsinə çevrilməsi Azərbaycan dövləti üçün əsas prioritetlərdən biridir, eləcə də infrastruktur quruculuğunda müasir şəhərsalma texnologiyalarına üstünlük verilir.

Azərbaycan və UN HABITAT arasında əməkdaşlığın önəmini vurğulayan A.Quliyev bildirib ki, yaxın gələcəkdə bu proqramın Azərbaycanda nümayəndəliyinin açılmasını məqsədəuyğun hesab edib və bu yolla mühüm logistik problemlərin aradan qalxacağını ifadə edib. Eyni zamanda, Prezidenti İlham Əliyevin sessiyanın açılışındakı çıxışında növbəti sessiyanın Azərbaycanda keçirilməsini təklif etməsi Azərbaycanın bu foruma verdiyi diqqətin təcəssümüdür.

Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda görülən işlərdən danışıb, bu rayonda artıq tamamlanmış “ağıllı kənd” layihəsi barədə məlumat verib. Qeyd edilib ki, əsas hədəf təkcə ağıllı şəhər və kəndlərin qurulması deyil, effektiv idarə olunan yaşayış məskənləri, kreativ infrastrukturun yaradılmasıdır.

Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, Azərbaycanın xüsusi tarixi-mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərinin bərpası və yenidən qurulması, şəhərin dirçəldilməsi və gələcək inkişafını təmin etmək üçün zəruri planlaşdırma və layihələndirmə işlərinə başlanılıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, işğaldan azad olunmuş Qarabağda Azərbaycan bütün bərpa-quruculuq işlərini öz hesabına həyata keçirir. Beynəlxalq konfranslarda yaşayış məskənlərinin müasir tələblərə transformasiyası tez-tez təkrarlanır, lakin Azərbaycan Qarabağda transformasiya deyil, yaşayış məskənləri və infrastruktur yenidən yaradılır. Bu istiqamətdə isə beynəlxalq təcrübə, ekspertlərin quruculuq işlərinə cəlb olunması vacib amillərdir.

Həmçinin qeyd edilib ki, ərazilərin bərpasında vaxt və keyfiyyət amilləri də xüsusi önəm daşıyır. Belə ki, məcburi köçkünlər səbirsizliklə öz ata-baba yurdlarına geri dönəcəkləri günü gözləyirlər, lakin bunun üçün müasir keyfiyyət standartlarına cavab verən yaşayış məskənləri, infrastruktur və sosial-iqtisadi zəmin yaradılmalıdır. Görüşdə postmünaqişə dövründə yaşayış məskənlərinin inkişaf etdirilməsi və bərpa-quruculuq işləri üçün ən böyük maneələrdən biri olan minalar probleminə də toxunulub, müharibə başa çatdıqdan sonra 200-dən artıq şəxsin minaların qurbanı olduğu diqqətə çatdırılıb.

UN HABITAT əməkdaşları işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın apardığı bərpa-quruculuq işlərini yüksək qiymətləndiriblər. Tərəflər, həmçinin Azərbaycanın məskunlaşma prosesində dəstəklənməsi istiqamətində fikir mübadiləsi də aparıblar. Qeyd edilib ki, “yaşıl enerji”, “ağıllı şəhər” və “ ağıllı kənd”, infrastruktur və nəqliyyat ilə yanaşı sosial və iqtisadi aspektlərin inkişaf etdirilməsi, texniki dəstək və təcrübə mübadiləsi barəsində əməkdaşlıq imkanları mövcuddur və Azərbaycana yaxın gələcəkdə UN HABITAT tərəfindən texniki missiyanın göndərilməsi nəzərdə tutulur.

İkitərəfli görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdirinin müavini Nüsrət Süleymanov və Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin Rəqəmsal media ilə iş sektorunun baş məsləhətçisi Sultan Hacıyev, Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Katovitse 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.