SİYASƏT
“UOLL-STRİT CORNEL” DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏN YAZIR
ABŞ-ın nüfuzlu “Uoll-strit cornel” qəzeti 26 iyul tarixli nömrəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş “Həlli mümkün münaqişə” sərlövhəli məqalə dərc etmişdir. Məqalənin müəllifi, Harvard Universitetinin Xəzər Araşdırmalar Proqramının tədqiqatçısı Brenda Şaffer problemin həllinin indi xüsusi əhəmiyyət daşıdığını, fəal diplomatik səylər vasitəsilə münaqişənin aradan qaldırılmasının mümkün olduğunu bildirir.
Müəllif təəssüflə yazır ki, adətən münaqişə tərəfləri yalnız terrorizmə və digər tədbirlərə əl atdıqda kifayət qədər diqqət mərkəzində olurlar. Dağlıq Qarabağ düyününü Yaxın Şərq münaqişəsi ilə müqayisə edən xanım Şafferin fikrincə, Dağlıq Qarabağ münaqişəsi hazırda “qaynar” münaqişə olmadığından medianın və beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalıbdır.
Məqalədə bildirilir ki, sovet rejimi dağıldıqdan sonra Azərbaycanın hüquqi sərhədləri daxilində yerləşən Dağlıq Qarabağ üstündə Bakı və Yerevan arasında müharibə başlamışdı. 1994-cü ildə atəşkəs elan edilənədək 30 min nəfərdən çox insan həlak olub, 300 min nəfər erməni, 800 min nəfər azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Dağlıq Qarabağdan kənarda geniş ərazi də daxil olmaqla, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etmişdir. Erməni qaçqınlarının böyük hissəsi Dağlıq Qarabağda yerləşdirilib. 800 min nəfər azərbaycanlı isə hələ də acınacaqlı vəziyyətdən çıxış yolu tapılacağını gözləyir. Brenda Şaffer vurğulayır ki, bu insanlar talelərinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və ya Yerevanı güzəştlərə məcbur etmək üçün terrora əl atmayıblar. Onlar beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı tədbirlər görəcəyinə inanıb səbrlə gözləyirlər. Buna baxmayaraq, beynəlxalq ictimaiyyət onların səbri müqabilində diqqət göstərmir. “Kifayət qədər avtobus partladın və bunun müqabilində dövlət ala bilərsiniz, lakin zorakılığa əl atmayan məcburi köçkünlər gözə görünmürlər” – deyən Harvard təhqiqatçısı xatırladır ki, terror işlətməyən qaçqın icmalara laqeyd münasibət münaqişənin həllini daha da uzada bilər, çünki terror qurbanları əks tərəfə etibarı və özlərinin güzəştə getmək istəyini itirə bilərlər.
Brenda Şaffer inanır ki, hazırkı vəziyyətə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid var. Onun fikrincə, son on il ərzində ATƏT-in Minsk qrupu sülh danışıqlarına başçılıq etsə də, təşkilat sülh prosesini həyata keçirmək üçün müvafiq təsisatlara və leqal mandata malik deyildir. Danışıqlarda əsl irəliləyiş hər iki ölkə başçısının mütəmadi görüşləri sayəsində baş vermişdir. Xanım Şaffer hesab edir ki, vasitəçilər Yaxın Şərq münaqişəsinin səhvlərindən öyrənərək, Dağlıq Qarabağ münaqişəsində ilk növbədə ən ciddi məsələləri ön plana çəkməlidirlər. Əgər ən vacib məsələlər prosesin sonuna saxlanılsa, ekstremistlər bundan istifadə edə bilərlər.
Bölgənin əsas qüvvələri – Rusiya, Türkiyə, İran, ABŞ və Avropa Birliyi münaqişənin həllinə özlərinin maraqlarının həyata keçirilməsində vasitə kimi baxmalıdır. Əks təqdirdə, bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün vəziyyətdən istifadə edəcəklər.
Müəllif daha sonra yazır ki, Dağlıq Qarabağ münaqişəsində sülhə nail olunması təkcə yerli əhalinin faciələrdən qurtarması deyil, həm də strateji əhəmiyyətli bölgədə sabitliyin əldə edilməsi deməkdir. Qarşıdan gələn illərdə milyardlarla barrel Xəzər neftinin beynəlxalq bazarlara axacağını xatırladan Brenda Şaffer sülh olacağı təqdirdə, bölgədə artacaq çoxsaylı müqavilələrdən, iqtisadi layihələrdən ermənilərin də istifadə etmək imkanı qazanacağını bildirir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton