REGİONLAR


USAID Astara və Yardımlıda infrastrukturun yaxşılaşdırılmasında vətəndaş iştirakçılığına dəstək göstərir

Astara, 17 iyun, AZƏRTAC

Astara və Yardımlı rayonlarının sakinləri kənd yollarının asfaltlanması və suvarma suyunun yaxşılaşdırılması istiqamətində icma infrastrukturunu təkmilləşdirməyə yönəlmiş layihələrə öz töhfələrini veriblər. Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astaranın Fətəlioba və Pensər kəndlərində yeni salınmış ümumilikdə 1,85 kilometrlik yollar bu iki icmada yaşayan 6100-dən çox sakinin yaşayış şəraitini yaxılaşdıracaq. İcma sakinlərinin digər kəndlərlə əlaqələri, rayon mərkəzinə çıxışları yaxşılaşacaq, habelə sağlamlıq, təhsil, biznes və digər xidmətlərdən yararlanmaq üçün daha yaxşı imkana sahib olacaqlar, o cümlədən kənd təsərrüfatı məhsullarını vaxtında bazara çıxara biləcəklər.

Yardımlının Nisəqala kəndində yeni salınmış su xətti kəndin 1200-dən çox sakininin suvarma suyuna əlçatanlığını yaxşılaşdıracaq. İcma üzvləri kənd təsərrüfatı məhsullarının istehsalını və keyfiyyətini, münbit torpaqlardan istifadəni, habelə kənd təsərrüfatı fəaliyyətlərindən gəlirlərini artıra biləcəklər. Layihə kənd sakinlərinin həyat standartlarını yaxşılaşdırılmasına töhfə verəcək və icmanın ümumi inkişafına müsbət təsir göstərəcək.

Həmin layihələr USAID, Azərbaycan Hökuməti və yerli icmalar arasında öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlmiş səylərə dəstək göstərmək məqsədi daşıyan əməkdaşlıq çərçivəsində həyata keçirilib. USAID-in SEDA adlı layihəsi İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur. 2011-ci ildən SEDA layihəsində iştirak edən icmalar 149 kənddə 377 min 200-ə yaxın insanın faydalana biləcəyi 171 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu layihələr sırasında yerli iqtisadiyyatı dəstəkləyən fəaliyyətlər, tibb məntəqələri, yol, su və suvarma sistemləri və məktəblərin təmiri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.