REGİONLAR
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir
Masallı, 15 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 15-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndə heyəti Masallı rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, rayonun sosial-iqtisadi inkişafı, mədəniyyəti və turizm potensialı barədə məlumat verilib.
İcra hakimiyyətinin başçısı Rafil Hüseynov dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayonda lazımi infrastrukturun yaradıldığını, turizmin inkişafı üçün hər cür şəraitin olduğunu diqqətə çatdırıb.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndə heyətinin üzvləri - USAID-in baş ofisi müdirinin köməkçisi Brok Bierman, BMTİP-in rezident nümayəndəsinin müavini Alessandro Frakassetti, USAID-in Azərbaycan üzrə missiya direktoru Caydev Sinqx və başqaları Masallıya səfərlərindən məmnun olduqlarını bildiriblər.
Qeyd olunub ki, ABŞ ilə Azərbaycanı möhkəm dostluq telləri birləşdirir. USAID regionun lider dövləti olan sabit və firavan Azərbaycanla dostluğu və tərəfdaşlığı genişləndirməyə üstünlük verir. Əsas prioritetlərdən biri iqtisadi və siyasi tərəfdaşlığı dərinləşdirmək üçün hər iki ölkədə özəl sektorla əlaqələri artırmaqdır.
Sonra əməkdaşlıq imkanları müzakirə edilib.
Nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Masallı Sənaye Məhəlləsi, şəhərin mərkəzindəki "Qadın dünyası" ticarət-xidmət mərkəzi, eləcə də Masallı şəhərində Rəşadə Əsədova və Təzə Alvadı kəndində "ABAD"çı Göyçək Əsgərovanın əl işləri ilə yaxından tanış olublar.
Masallının görməli yerləri ilə tanışlıq da qonaqlarda xoş təəssürat yaradıb.