REGİONLAR
USAID-in nümayəndəsi Aqrar Universitetdə olub
Gəncə, 12 dekabr, Rauf Hacıyev, AZƏRTAC
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Xüsusi Sektor Fəaliyyətinin Layihə Meneceri Devid Blad Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqla görüşdə universitetin beynəlxalq əlaqələri, eləcə də ABŞ-ın Oklahoma Dövlət Universiteti ilə əməkdaşlıq münasibətləri haqqında məlumat verib.
Görüşdə gənc müəllimlərin təcrübə proqramlarına cəlb olunması, eləcə də xarici dil biliklərinin təkmilləşdirilməsi üçün 100-dək müəllim üçün 10-a yaxın hazırlıq qruplarının təşkil olduğunu bildirilib.
Xüsusi Sektor Fəaliyyətinin Layihə Meneceri Devid Blad qarşılıqlı əməkdaşlıqdan məmnunluq duyduğunu bildirərək, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra qonaq universitetin quşçuluq və bildirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası, istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə yataqxanası və digər bölmələri ilə tanış olub.