RƏSMİ XRONİKA
UŞAQLARIN SAĞLAMLIĞI DÖVLƏTİMİZİN DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR
BAKIDA UŞAQ BƏRPA MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycanın Baş naziri İlham Əliyev mərasimdə iştirak etmişdir. Mərkəzin qarşısına toplaşan paytaxt sakinləri Azərbaycan hökumətinin başçısını hərarətli alqışlarla, hörmət və ehtiramla qarşıladılar, ona gül dəstəsi təqdim edildi.
Baş nazir İlham Əliyev mərasimə dəvət olunmuş xarici qonaqlarla səmimi görüşdü, Mərkəzin rəsmi açılışını bildirən qırmızı lenti kəsdi, yeni səhiyyə obyekti ilə yaxından tanış oldu.
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev və Mərkəzin direktoru Mübariz Mustafayev Baş nazirə məlumat verdilər ki, tikintisinə 2001-ci ildə başlanmış bu stasionarda əlil uşaqların müalicəsi aparılacaqdır. Bu, Cənubi Qafqazda fəaliyyət göstərən yeganə belə tibb müəssisəsidir. Yaponiyanın “İtoçu” şirkəti Mərkəzi ən müasir standartlara cavab verən avadanlıqla təchiz etmişdir. Burada çalışan 94 işçinin, o cümlədən həkimlərin əksəriyyəti Yaponiyada hazırlıq kurslarında olmuşdur. Bundan əlavə, Tokiodan gəlmiş ixtisaslı həkimlərin iştirakı ilə Azərbaycanda təşkil olunmuş kurslarda xüsusi təlimlər keçmişlər. 42 çarpayılıq stasionarda ambulator müalicəsi də aparılacaqdır. Tikinti işləri yerli təşkilatlar tərəfindən görülmüşdür.
Baş nazir İlham Əliyev Azərbaycan Prezidenti Heydər Əliyevin əlillərə göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşəyə, rentgen, ortopediya, ultrasəslə müayinə, işıqla müalicə, fizioterapiya, stomatoloji kabinetlərinə, kimyəvi laboratoriyaya, trenajor salonuna, yeməkxanaya, hovuza baxdı, yaradılmış şəraitlə maraqlandı.