MƏDƏNİYYƏT
UŞAQ MUSİQİ MƏKTƏBİNƏ BƏSTƏKAR TOFİQ QULİYEVİN ADI VERİLMİŞDİR
Milli musiqi sənətinin görkəmli nümayəndəsi, bəstəkar, xalq artisti Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 7 noyabr 2003-cü il tarixli Sərəncamına uyğun olaraq Mədəniyyət Nazirliyi Bakıdakı 12 nömrəli uşaq musiqi məktəbinə ölməz sənətkarın adını vermişdir. Bu münasibətlə uşaq musiqi məktəbində tədbir keçirilmişidir.
Məktəbdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirdə mədəniyyət naziri Polad Bülbüloğlu və digər natiqlər çıxış edərək, Tofiq Quliyevin uşaqların estetik tərbiyəsinə, onların əsl musiqi dəyərlərinə yiyələnməsinə həmişə qayğı və diqqətlə yanaşmasından danışmışlar.
Bəstəkarın oğlu, kinorejissor, xalq artisti Eldar Quliyev atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə görkəmli musiqiçinin ailəsi adından minnətdarlığını bildirmişdir.
Sonra Tofiq Quliyev adına 12 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı səslənmişdir.
Axırda tədbir iştirakçıları ölməz musiqi xadiminin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar.