SİYASƏT
UŞAQ VƏ QADIN ALVERİ İLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Məclisin, BMT Əhali Fondunun və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri uşaq və qadın alverinin, qanunsuz miqrasiyanın qlobal təhlükəsi məsələlərini müzakirə etmək üçün iyunun 14-də “Hayat Recensi-Naxçıvan” mehmanxanasında “dəyirmi masa” görüşü keçirmişlər.
Milli Məclisin deputatı Hadı Rəcəbli və Məlahət Həsənova ölkədə miqrasiya siyasətinin hüquqi bazasını yaratmaq məsələlərindən danışdılar, Azərbaycanın qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağın zəruriliyini konkret faktlarla əsaslandırdılar. Bildirildi ki, parlament uşaq və qadınların hüquqlarının müdafiəsinə dair bütün beynəlxalq konvensiyaları qısa müddətdə ratifikasiya etmişdir. Bundan əlavə, Milli Məclisdə “Miqrasiya haqqında” Qanun hazırlanmış və Azərbaycan Prezidenti tərəfindən imzalanmışdır.
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyinin rəhbəri Yoost Van der Aalst və BMT Əhali Fondunun ölkəmizdəki nümayəndəliyinin baş müşaviri Cəmilə Kərimova çıxışlarında Azərbaycanla bağlı miqrasiya faktlarını nəzərə çarpdırdılar. Qeyd olundu ki, ölkəmizdə də həyata keçirilən beynəlxalq miqrasiya siyasətinin əsas cəhətləri qanunsuz miqrasiyanın qarşısının alınmasından, bu miqrasiyadan zərər çəkənlərə yardım göstərilməsindən və onun təşkilatçılarının cəzalandırılmasından ibarətdir.
Dəyirmi masa görüşündə iştirak edən Beynəlxalq Miqrasiya Təşkilatının İdarəetmə xidməti departamentinin direktoru xanım İrena Omelanyuk bu təşkilatın nümayəndələrinin bütün dünyada uşaq və qadın alverinin təşkilatçıları ilə mübarizəsindən ətraflı söhbət açaraq bildirdi ki, bu alver qanunsuz miqrasiya ilə sıx bağlıdır. O dedi ki, hər il dünyada təxminən 4 milyon insan qanunsuz miqrasiyaya məruz qalır. Ötən il cinsi istismar məqsədi ilə təkcə ABŞ-a qanunsuz olaraq 55 minədək qadın və uşaq gətirilmişdir. Ona görə də dünyanın bütün ölkələri bu bəlanın kökünü kəsmək üçün səylərini birləşdirməlidir.
Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin böyük məsləhətçisi Seyid Hacı Mirhəşim miqrasiya məsələləri ilə məşğul olmaq üçün işçi qrup yaradılmasına dair təklif irəli sürdü.
Görüşdə Daxili İşlər Nazirliyinin, müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri də çıxış etdilər.