CƏMİYYƏT
ÜST Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 300 min tibbi maska təhvil verib
Bakı, 23 sentyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə dəstək məqsədilə 300 min tibbi maskanı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təhvil verib.
Nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, bu yardım Almaniya hökumətinin ÜST vasitəsilə COVID-19 pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Qeyd edək ki, sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.
Tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti generalı Rəfail Mehdiyev iştirak ediblər və təhvil-təslim aktını imzalayıblar.
Qeyd edək ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün qeyri-hökumət təşkilatları da daxil olmaqla, yerli tərəfdaşlar arasında paylanılacaq.