DÜNYA


ÜST: Afrikada koronavirusun yayılma sürəti dünyanın başqa regionlarından fərqlənir

Cenevrə, 23 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Afrika qitəsində indiyədək ümumilikdə 100 mindən artıq şəxs yeni növ koronavirusa yoluxub. Bununla belə bu qitədə infeksiyanın yayılma sürəti dünyanın baş regionlarından fərqli şəkildə gedir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ÜST-nin Afrika üzrə regional direktoru Matşidiso Moeti bildirib.

Onun sözlərinə görə, Afrikada dünyanın başqa yerlərindən fərqli olaraq yüksək sayda ölüm halları baş verməyib. İndiyədək COVID-19-la əlaqədar Afrikada ölənlərin ümumi sayı 2100 nəfərdir. Avropada virusa yoluxanların sayı 100 min nəfəri keçəndə, Afrikada bu göstərici 4900 nəfər idi.

İlkin analizlərə görə, nisbətən aşağı ölüm statistikası bu qitənin demoqrafik strukturu ilə bağlıdır. Çünki Afrikada əhalinin 60 faizindən çoxunun yaşı 25-dən aşağıdır. Risk qrupuna daxil olan yaşlı əhalinin digər qitələrlə müqayisədə az olması və əksər ölkələrin məhdudiyyətləri vaxtında tətbiq etməsi vəziyyətin sabitliyinə imkan yaradıb.

M.Moeti, həmçinin bildirib ki, Afrika ölkələrinin çoxunda səhiyyə sistemi yoluxma səviyyəsinin qəfildən artması halına hazırlıqlı deyil, ona görə də bu ölkələrdə testlərin sayı artırılmalıdır. Digər tərəfdən isə məhdudiyyətlərin yumşaldılması pandemiyanın daha da geniş yayılmasına yol aça bilər.

Qeyd edək ki, Afrika qitəsində yoluxma hallarının ən çox qeydə alındığı ölkə Cənubi Afrika Respublikasıdır. Burada təxminən 20 min nəfərin yeni növ koronavirusa yoluxması təsdiqlənib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.