DÜNYA


ÜST: Avropada meymunçiçəyi virusuna yoluxma riski yüksək olaraq qalır

Bakı, 4 iyul, AZƏRTAC

Avropada meymunçiçəyi virusuna yoluxma halları dünyada aşkarlanan yoluxmaların ümumi sayının təxminən 90 faizinə çatır və qitənin 31 ölkəsində qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropadakı regional direktoru Hans Klüqenin ÜST-nin saytında yerləşdirilən bəyanatında yer alıb. O, eyni zamanda qeyd edib ki, hazırda Avropa epidemiyanın mərkəzindədir və burada yoluxma riski yüksək olaraq qalır.

“Bu gün bir daha hökumətləri və vətəndaş cəmiyyətlərini meymunçiçəyinin yayılmasının qarşısını almaq üçün səyləri artırmağa çağırıram. Xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili və koordinasiya olunmuş tədbirlərə ehtiyac var”, - deyə Hans Klüqe bildirib.

Regional direktorun sözlərinə görə, bu günədək Avropada meymunçiçəyi xəstəliyi ilə əlaqədar ölüm halları barədə təşkilata məlumat daxil olmayıb: “Xəstəlik əsasən səpgi ilə müşayiət olunur və yoluxan hər dörd nəfərdən üçündə qızdırma, yorğunluq, qusma, ishal, həmçinin əzələ, boğaz və ya baş ağrıları kimi simptomlar müşahidə edilir”.

O, həmçinin ÜST-nin hazırda meymunçiçəyi epidemiyasını fövqəladə hal hesab etmədiyini, lakin yaxın gələcəkdə öz mövqeyinə yenidən baxa biləcəyini vurğulayıb.

Qeyd edək ki, indiyə qədər Afrikada meymunçiçəyi virusuna 1800-ə yaxın yoluxma və 70-dən çox ölüm halı qeydə alınıb. Həkimlər bunu həm də yeni virusdan qoruyan adi çiçək xəstəliyinə qarşı peyvəndin çatışmazlığı ilə izah edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.