CƏMİYYƏT


ÜST: Bu günə qədər dünyanın 78 ölkəsində meymunçiçəyinə yoluxma ilə bağlı 18.000 hadisə qeydə alınıb

Bakı, 28 iyul, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxmuş insanla əlaqədə olanlara, həmçinin yoluxma riski yüksək olanlara: tibb işçilərinə, tibbi laboratoriyaların əməkdaşlarına məqsədli vaksinasiyadan keçməyi tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, ÜST-nin rəhbəri Tedros Gebreyesusun brifinqdə açıqladığı məlumata görə, bu günə qədər dünyanın 78 ölkəsində meymunçiçəyinə yoluxma ilə bağlı 18.000 hadisə qeydə alınıb. Kanada, Avropa İttifaqı və ABŞ-da MVA-BN vaksini meymunçiçəyinə qarşı istifadə edilmək üçün rəsmən təsdiqlənib. Daha iki vaksin – LC16 və ACAM2000 hazırda effektivliyin qiymətləndirilməsi mərhələsindədir.

ÜST-nin rəhbəri deyib: “Meymunçiçəyinə qarşı vaksinlərin effektivliyi barədə, həmçinin neçə doza lazım gələ biləcəyi barədə hələlik kifayət qədər məlumat yoxdur. Ona görə də biz vaksinlərdən istifadə edən bütün ölkələri bu barədə məlumatları mübadilə etməyə çağırırıq”.

ÜST mütəxəssisləri hazırda tədqiqat bazası yaradılması üzərində işləyirlər. Ölkələr bu və ya digər vaksinin nə dərəcədə effektiv olmasını öyrənmək üçün həmin bazadan istifadə edə biləcəklər.

Hazırda qeydiyyata alınmış yoluxma hallarının 70 faizdən çoxu Avropa İttifaqının, 25 faizi Amerika ölkələrinin payına düşür. Meymunçiçəyinə yoluxmuş beş nəfər ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.