CƏMİYYƏT
ÜST: COVID-19 əleyhinə peyvənd alanların sayı bu xəstəliyə yoluxanların sayını üstələyib
Bakı, 6 fevral, AZƏRTAC
COVID-19 əleyhinə peyvənd alanların sayı bu xəstəliyə yoluxanların sayını üstələyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
ÜST rəhbəri deyib: “Dünya üzrə vaksinləmənin sayı yoluxma faktlarının sayını üstələyib. Bu, bir tərəfdən yaxşı xəbərdir və belə qısa zaman kəsiyində gözəl nailiyyətdir. Lakin bu peyvəndləmələrin dörddə üçündən çoxu 10 ölkənin payına düşür ki, qlobal ÜDM-in də təxminən 60 faizi bu ölkələrdə toplanır”.
O qeyd edib ki, ümumi əhalisi 2,5 milyarda bərabər təxminən 130 ölkə hələ vaksinin birinci dozasını belə almayıb. Qebreyesus əhalinin daha həssas təbəqəsini və tibb işçilərini artıq vaksinləmədən keçirmiş dövlətləri kütləvi vaksinləməni davam etdirməzdən əvvəl bu vaksinləri digər ölkələrlə bölüşməyə çağırıb.
ÜST-nin eksperti Mariya van Kerkhoven isə bildirib ki, dünyada koronavirusun yayılma sürəti virusun ötürülmə zəncirini qıran tədbirlərin görülməsi, hər şeydən əvvəl peyvəndləmə sayəsində aşağı düşür. Kerkhoven COVID-19 virusuna yeni yoluxma hallarının sayının azaldığı ölkələri təkidlə sanitar tədbirlərinə riayət olunmasını davam etdirməyə çağırıb.