CƏMİYYƏT
ÜST: Dünyada COVID-19-a yoluxma hallarının sayı həftə ərzində 2 faiz artıb
Bakı, 1 dekabr, AZƏRTAC
Son həftə (21-27 noyabr) ərzində dünyada 2,6 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8 mindən çox insan ölüb.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə istinadla xəbər verir ki, ötən yeddi gün ilə müqayisədə xəstəliyə yoluxma hallarının sayı 2 faiz artıb, ölüm hallarının sayı isə 5 faiz azalıb.
ÜST-nin məlumatına əsasən, dünyada həftə ərzində 2 678 706 yoluxma halı və 8 442 ölüm halı qeydə alınıb. Ötən yeddi gün (14 - 20 noyabr) ilə müqayisədə xəstəliyə yoluxma hallarının sayının artımı Amerikada (19 faiz) və Qərbi-Sakit Okean regionunda (8 faiz) qeydə alınıb. Eyni zamanda yoluxma hallarının sayı Afrikada (18 faiz), Şərqi Aralıq Dənizində (17 faiz), Avropada (14 faiz), Cənubi-Şərqi Asiyada isə (8 faiz) azalıb.
Xəstəliklə bağlı ölüm hallarının sayı Afrikada (79 faiz), Avropada (35 faiz) və Şərqi Aralıq Dənizində (20 faiz) azalıb. Eyni zamanda ölüm hallarının sayının artımı keçən həftə Amerikada (21 faiz), Qərbi-Sakit Okean regionunda (9 faiz) və Cənubi-Şərqi Asiyada (5 faiz) qeydə alınıb.
Yaponiya həftə ərzində xəstəliyə ən çox - 698 772 yoluxanlar barədə məlumat verib. Daha sonra Koreya Respublikası (378 751), ABŞ (296 882), Fransa (230 871) və İtaliya (161 454) yer alıblar. Birləşmiş Ştatlarda yeddi gün ərzində ən çox - 2 611 ölüm halı qeydə alınıb. Ondan sonra Yaponiya (1 000), Braziliya (535), İtaliya (419) və Çin (395) qərarlaşıb.