DÜNYA
ÜST: Həftə ərzində dünyada təxminən 3 milyon yoluxma halı qeydə alınıb
Bakı, 14 iyul, AZƏRTAC
Ötən həftə dünyada 3 milyona yaxın yoluxma və 55 mindən çox ölüm faktı qeydə alınıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrə şəhərindəki mənzil qərargahının məlumatına görə, ötən həftə yoluxma halları öncəki yeddi günlə müqayisədə 10 faiz, ölüm halları isə 3 faiz artıb.
“İyulun 5-dən 11-dək yeni yoluxanların ümumi sayı, öncəki həftəyə nisbətən 10 faiz artaraq demək olar ki, 3 milyon nəfərə çatıb”, - deyə təşkilatın həftəlik epidemioloji bülletenində bildirilir.
Eyni dövr ərzində koronavirus səbəbindən 55 mindən çox insan ölüb ki, bu da öncəki həftə ilə müqayisədə 3 faiz çoxdur. Buna qədər ölüm hallarında iki aydır azalma müşahidə edilirdi.
İyulun 5-dən 11-dək dünyada 2 milyon 996 min 465 yoluxma və 55 min 830 ölüm faktı qeydə alınıb. Pandemiyanın statistikasını aparan “Worldometer” saytının məlumatına görə, indiyə qədər dünyada 188 milyon 622 min nəfərdən çox insan virusa yoluxub, 4 milyon 65 mindən çox insan isə həyatını itirib.
Həftə ərzində ən çox yoluxma halı Braziliyada qeydə alınıb – 333 min nəfərdən çox. Siyahıda növbəti yerləri Hindistan (291 min), İndoneziya (243 min), Böyük Britaniya (210 min) və Kolumbiya (174 min) tutur. Hər 100 min nəfərə düşən yeni yoluxma hallarına görə isə Britaniyanın Virgin Adaları ilk yerdə qərarlaşıb – 2 min 497 nəfər. Onun ardınca isə Seyşel adaları (763), Kipr (673), Cersi (628) və Fici (490) gəlir.