DÜNYA


ÜST Latın Amerikasında koronavirus pandemiyasının yeni pik həddi barədə xəbərdarlıq edir

Madrid, 1 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Latın Amerikası regionunda koronavirusa yoluxmanın yeni pik həddi barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, Panamerika Səhiyyə Təşkilatının səhiyyə sahəsində fövqəladə hallar üzrə direktoru Siro Uqartenin sözlərinə görə, Peru, Ekvador, Boliviya, Argentina, Uruqvay və Qayanada yoluxmaların sayında kəskin artım müşahidə olunur, həmin ölkələrin səhiyyə sistemi həddən artıq yüklənib.

Kolumbiyada yoluxanların sayı (2.859.242 nəfər) tezliklə rekord həddə çatacaq, ölkənin paytaxtı Boqotanın və Medelin şəhərinin xəstəxanalarının intensiv müalicə şöbələri gərgin vəziyyət yaşayır.

ÜST-nin məlumatına görə, 2021-ci ilin əvvəlindən Latın Amerikasında COVID-19-a yoluxmaların artımı daha gənc yaş qruplarında qeydə alınır. Bu da onu göstərir ki, ilk növbədə, yaşlı insanların və tibbi heyətin peyvəndlənməsinə üstünlük verilməsi regionda müşahidə olunan vaksin çatışmazlığı ilə bağlıdır.

Latın Amerikasında perspektivlər çox narahatlıq doğurur. Region ölkələri geniş iqtisadi böhran və səhiyyə sistemlərinin həddən artıq yüklənməsi şəraitində böyük həcmdə vaksinin alınması problemi ilə qarşılaşırlar.

Regionda infeksiyanın yeni pik həddi son aylar ərzində müşahidə edilən profilaktik tədbirlərin zəifləməsi və Milad, Karnaval və Pasxa təntənələri ilə üst-üstə düşməsi ilə bağlıdır.

Latın Amerikası regionunda pandemiya başlanandan bəri koronavirusa təqribən 30 milyon yoluxma və 900 mindən artıq ölüm faktı qeydə alınıb. Braziliya pandemiyadan daha çox əziyyət çəkən ölkədir, burada yoluxanların sayı 14.661.965 nəfər, ölənlərin sayı isə 401.186 nəfər təşkil edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.