DÜNYA


ÜST Malayziyada koronavirusa görə həyatını itirənlərin sayının doqquz dəfə artacağını proqnozlaşdırır

Tokio, 3 iyun, AZƏRTAC

Koronavirus pandemiyası nəticəsində Malayziyada avqustun sonlarında həyatını itirənlərin gündəlik sayı iki dəfə, bununla bağlı ümumi göstərici isə doqquz dəfə arta bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Star” qəzeti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi şurasının üzvü professor Adib Kamarulzamana istinadla məlumat yayıb.

Malayziya Səhiyyə Nazirliyinin məlumatına görə iyunun 2-də 126 nəfər koronavirusa görə həyatını itirib. Bu, sutkalıq ən yüksək göstərici hesab edilir.

Professorun sözlərini sitat gətirən qəzet yazır: “Koronavirus ürək-danar xəstəliklərindən sonra ölkədə ölümə səbəb olan ikinci xəstəliyə çevrilib”.

Səhiyyə Nazirliyinin baş direktoru Hişam Abdula bir neçə gün bundan əvvəl intensiv terapiya palatalarının optimal səviyyədə, adi palataların 85 faizinin, xüsusi izolyasiya mərkəzlərinin isə 65 faiz tutulduğunu bildirib. Onun sözlərinə görə, bundan sonra çarpayılar daha çox yaşamaq şansı olan xəstələrə veriləcək.

Malayziyada koronavirusla əlaqədar vəziyyət mayın əvvəllərində, ölkəyə Hindistan ştamı daxil olduqdan sonra pisləşib. Koronavirus pandemiyası başlayandan sonra bu ölkədə 587 min yoluxma qeydə alınıb, həyatını itirənlərin sayı isə 3 minə çatıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.