CƏMİYYƏT


ÜST Marburq virusuna qarşı peyvəndlərin sınaq protokollarının hazır olduğunu açıqlayıb

ÜST Marburq virusuna qarşı peyvəndlərin sınaq protokollarının hazır olduğunu açıqlayıb

Bakı, 30 mart, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-nin qərargahında keçirilən həftəlik mətbuat konfransında Marburq virusuna qarşı 4 peyvəndin sınaq protokollarının hazır olduğunu deyib.

AZƏRTAC ÜST-ə istinadla bildirir ki, T.A.Qebreyesus ÜST-nin Marburq virusuna qarşı dörd peyvənd üçün dəlilləri tədqiq etdiyini deyib: "Peyvəndlər üçün sınaq protokolları hazırdır və tərəfdaşlarımız sınaqlara dəstək verəcək. Ekvatorial Qvineya və Tanzaniya hökumətləri Marburq virusunun yayılması və ölüm hallarının qarşısını almaq üçün bu sınaqlara mümkün qədər tez başlanılmasını gözləyir. Ekvatorial Qvineyada 9 Marburq virusuna yoluxma halı qeyd edilib və virus səbəbindən 7 nəfər dünyasını dəyişib. Marburq Ekvatorial Qvineyanın üç fərqli əyalətində görülüb. Həmin əyalətlər bir-birindən 150 kilometr məsafə uzaqlığında yerləşir. Bu da virusun ölkədə geniş yayıldığını göstərir”, - deyə vurğulayıb.

T.A.Qebreyesus hökumətlərin virusun yoluxma statistikası ilə bağlı rəsmi məlumatlarını ÜST-ə bildirməli olduğunu qeyd edib: “Tanzaniyada 8 Marburq virusuna yoluxma müşahidə edilib. Onlardan 5-i vəfat edib, 3-ü isə müalicə alır. Ölkədə indiyə qədər qeydə alınan yoluxma halları bir bölgədədir. Tanzaniyada ilk Marburq virusu hadisəsi martın 21-də, Ekvatorial Qvineyada isə ilk dəfə fevralın 14-də təsdiqlənib. İnsan sağlamlığını yalnız heyvanların və planetin sağlamlığını qoruyaraq əldə etmək mümkündür”.

Qeyd edilib ki, Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkar edilib. Marburq virusu insanlar arasında yoluxmuş şəxslərin təması zamanı yayılır. İnfeksiyaya yoluxmuş xəstələrdə yüksək hərarət, şiddətli başağrısı, halsızlıq, qusma kimi əlamətlər müşahidə edilir. Peyvəndi və xüsusi müalicəsi olmayan Marburq virusunun ölüm nisbəti 90 faizə çata bilər.

2005-ci ildə Anqolada Marburq virusuna yoluxan 252 nəfərin 90 faizi ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.