DÜNYA


ÜST Milad ərəfəsində karantin qaydalarını yumşaltmamağa çağırıb

Cenevrə, 24 noyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar rəsmi qurumların infeksiyanın gedişatını nəzarətə ala bilmədiyi ölkələrdə Milad bayramı ərəfəsində karantin qaydalarını yumşaltmamağa çağırıb.

AZƏRTAC xəbər verir ki, ÜST-nin fövqəladə hallar üzrə icraçı direktoru Mayk Rayan bu barədə Cenevrədə keçirilən brifinqdə danışıb. O bildirib ki, Milad ərəfəsində insanların sıx şəkildə bir araya gəlməsi tələb olunan infrastruktura malik olmayan, yoluxma hallarını təqib edə və yoluxanları müəyyən edərək karantinə göndərə bilməyən ölkələrdə vəziyyəti daha da gərginləşdirə və karantin qaydalarının yumşaldılması daha güclü yoluxma dalğasına səbəb ola bilər. Buna görə də hökumətlər karantin qaydalarının yumşaldılması barədə qərar verərkən risklər barədə götür-qoy etməlidirlər.

ÜST ekspertinin sözlərinə görə, karantin qaydalarının hansının ləğv edilməsi və xüsusi öhdəliklər olmadan neçə günlük bayramın mümkün olacağına dair heç bir elmi düstur yoxdur: “Yalnız vəziyyəti yaxşılaşdıran və ya pisləşdirən yüksək və ya aşağı risk faktorları mövcuddur”.

Qeyd edilib ki, hökumətlər məhdudiyyətlərin qüvvədə saxlanması nəticəsində yaranan iqtisadi və ictimai riskləri bu məhdudiyyətlərin yumşaldılmasından sonra virusun daha da vüsətlə yayılması riski ilə müqayisə edərək öz qərarlarını verməlidirlər. Çünki ailə bayramı olan Milad günlərində insanların bir araya gəlməsinə icazə verilməməsi də, öz növbəsində məyusluq, karantin qaydalarından bezmə və bəlkə də görülən tədbirlərə qarşı etirazlar da doğura bilər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.