DÜNYA
ÜST Salvadora malyariya xəstəliyinin ləğv edilməsi ilə bağlı sertifikat verib
Madrid, 6 mart, AZƏRTAC
Salvadora ÜST-dən malyariyanın ləğv edilməsini təsdiqləyən sertifikat verilib. Bu, Salvadorda onilliklər boyu görülən gərgin işlərdən sonra qazanılan çox böyük nailiyyətdir.
AZƏRTAC xəbər verir ki, Salvadorda malyariya xəstələrinin 1990-cı ildə 9 mindən çox olan sayı 2010-cu ildə 26-ya düşüb. Vətəndaş müharibəsindən, qasırğa və zəlzələlərdən sağ çıxmış Salvador maliyyə və insan resurslarını malyariyanın yayılmasının qarşısını almağa yönəldərək, müsbət nəticələrə nail ola bilib. 2017-ci ildən bəri Salvadorda heç bir malyariyaya yoluxma faktı qeydə alınmayıb, bu da ona Mərkəzi Amerikada belə bir sertifikat almış ilk ölkə olmağa imkan verib.
Malyariya ilə mübarizədə minlərlə könüllülərin iştirakı bu xəstəliyin diaqnozu və müalicəsi üzrə ölkənin uğurlu strategiyasının möhkəmləndirilməsində mühüm rol oynayıb.
Salvador malyariya ilə mübarizədə böyük uğurlar əldə edib: 2000-ci ildən 2015-ci ilə qədər olan dövr ərzində malyariya xəstəliyinə tutulma 62 faiz azalıb. Bununla belə, şiddətli COVID-19 pandemiyası bu təhlükənin yaranma ehtimalını artırır. COVID-19 dövründə bir çox ölkələr səhiyyə işçilərinin təhlükəsizliyini təmin etmək üçün ağcaqanad torlarının, diaqnostik vasitələrin və dərmanların çatdırılması prosesini təkmilləşdiriblər.
Latın Amerikası ölkələri malyariyanın aradan qaldırılması istiqamətində müəyyən irəliləyişlərə nail olduğu vaxtda, bu xəstəlik Saharanın cənubundakı Afrika ölkələrində hər il 400 min insanın həyatına son qoyur ki, onların da böyük əksəriyyətini beş yaşınadək olan uşaqlar təşkil edir.
Noyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il malyariya haqqında hesabatında bildirilir ki, bu parazitdən effektiv müalicəyə 10 faiz qədərində çıxışın pozulması, Saharadan cənubda yerləşən Afrika ölkələrində daha 19 min insanın ölümünə səbəb ola bilər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid