CƏMİYYƏT


ÜST: Son iki həftədə dünyada koronavirusa yoluxmuş insanların sayı pandemiyanın ilk 6 ayı ərzində yoluxanlardan çox olub

Bakı, 4 may, AZƏRTAC

2020-ci ildə dünya əhalisinin vaksinlənməsi, COVID-19 virusunun diaqnostikası və ondan müalicə üçün 45 milyard dollara qədər vəsait tələb olunacaq. Bu il həmin məqsədlər üçün 19 milyard dollar lazımdır.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bu məlumatı Cenevrədə keçirilən mətbuat konfransında elan edib. Doktor Tedrosun həmkarları əlavə ediblər ki, Çin istehsalı olan iki vaksin barəsində bu həftənin sonuna qədər, Rusiya istehsalı olan “Sputnik V” vaksinin barəsində isə iyunun sonunda və ya iyulun əvvəlində qərar qəbul edilə bilər.

Doktor Tedrosun sözlərinə görə, 2021-ci ilin sonuna qədər COVAX təşəbbüsü çərçivəsində dünyanın müxtəlif ölkələrinə COVID-19-a qarşı 2 milyard doza vaksin çatdırılması üçün ÜST hər cür səy göstərir. Bu məsələnin həlli üçün maliyyələşdirməni və vaksin istehsalını artırmaq, varlı dövlətləri inandırmaq lazımdır ki, onlar yoxsul ölkələrə paylanmaq üçün vaksinləri ÜST-yə təqdim etsinlər. “Bizim hesablamalara görə, gələn il dünyada yaşlı insanların əksəriyyətini peyvəndləmək üçün 35-45 milyard ABŞ dolları lazım gələcək”, - deyən ÜST rəhbəri daha sonra əlavə edib ki, bu il koronavirus əleyhinə preparatların və ACT-Accelerator diaqnostika vasitələrinin əlçatanlığını təmin etmək üçün 19 milyard dollar toplamaq lazımdır.

ÜST-nin Baş direktoru bir daha vurğulayıb ki, COVID-19-a qarşı mübarizə heç də başa çatmayıb. Onun sözlərinə görə, son iki həftədə dünyada koronavirusa yoluxmuş insanların sayı pandemiyanın ilk 6 ayı ərzində yoluxanlardan çox olub. Ötən həftə qeydə alınmış yeni xəstələnmə hallarının yarıdan çoxu Hindistanın və Braziliyanın payına düşür. Lakin bir sıra başqa ölkələrdə də vəziyyət gərgindir. Qebreyesus sayıqlığı azaltmamağa, ehtiyatlılıq tədbirlərinə riayət etməyə və bütün dünyada vaksinasiyanı fəallaşdırmağa çağırıb.

ÜST nümayəndəsi təsdiqləyib ki, İsveç COVAX layihəsi çərçivəsində 1 milyon doza “AstraZeneca” vaksini təqdim etmək niyyətindədir. Daha əvvəl Fransa, Norveç və Yeni Zelandiya da oxşar qərarlar qəbul etdiyini bildirib. Doktor Tedros bir jurnalistin sualına cavab olaraq bildirib ki, ABŞ öz vaksin ehtiyatlarının bir qismini ÜST-yə verməyə hazır olduğunu hələ bəyan etməyib. Baş direktor xatırladıb ki, Prezident Bayden COVAX təşəbbüsünün maliyyələşdirilməsi üçün 4 milyard dollar vəsait ayıracağını vəd edib.

“Moderna” vaksininin istehsalçısı bu ilin ikinci yarısında COVAX layihəsinə 5 milyon doza vaksin verəcək. Doktor Tedros xatırladıb ki, ötən həftənin cümə günü ÜST həmin vaksini təcili istifadə edilməli preparatların siyahısına daxil edib və yaşı 18-dən yuxarı olan insanların peyvəndlənməsində həmin vaksindən istifadə edilməsinə icazə verib. Bu, ÜST tərəfindən bəyənilmiş beşinci vaksindir. Bundan əvvəl ÜST “Pfizer”, “Janssen” və “AstraZeneca” şirkətinin daha iki vaksini barədə bu cür qərarlar qəbul edib.

Baş direktorun köməkçisi Mariancela Simao jurnalistlərin suallarına cavab verərək bildirib ki, bu həftənin sonuna qədər ÜST, ehtimal ki, Çinin “Sinopharm” və “Sinovac” əczaçılıq şirkətlərinin vaksinlərinin təhlükəsizliyinin qiymətləndirilməsi işini başa çatdıracaq. Hazırda ÜST ekspertləri Rusiya vaksininin istehsal və klinik aspektlərinin tədqiqini davam etdirirlər.

M.Simaonun sözlərinə görə, ÜST nümayəndələri son iki həftədə Rusiyada “klinik praktika”nı qiymətləndirirlər. Mayın 10-dan orada vaksin istehsalı prosesini qiymətləndirən qrup işə başlayacaq. Bu məqsədlə vaksin istehsal edilən 5 mərkəzdə yoxlamalar həyata keçiriləcək. İki obyektdə aparılan yoxlamalarda Avropa Dərman Vasitələri Agentliyinin nümayəndələri də iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.