CƏMİYYƏT
ÜST: Son yeddi həftə ərzində COVID-19-a yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb
Bakı, 2 mart, AZƏRTAC
COVID-19 pandemiyası hələ də tüğyan edir. Son yeddi həftə ərzində virusa yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Gebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.
“İlk dəfə olaraq, son yeddi həftə ərzində biz yoluxmaların sayının artdığını görürük”, - deyən T.Gebreyesus əlavə edib ki, yoluxmaların artımı dünyanın altı regionundan dördündə - Amerika, Avropa, Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi ölkələrində müşahidə edilib. Bu, ümidsizlik yaratsa da, təəccüblü deyil.
ÜST rəhbəri hesab edir ki, yoluxmaların sayının artması qismən ictimai səhiyyə tədbirlərinin zəifləməsi, yeni ştamların dövr etməsi və insanların ayıq-sayıqlıqlarını itirmələri ilə bağlıdır. O, məmnunluqla qeyd edib ki, Afrika və Sakit okeanın Qərb hissəsində yerləşən ölkələrdən yoluxmaların artımı barədə məlumat daxil olmayıb.
Baş direktor deyib: “Vaksinlər insanların həyatını xilas etməyə kömək olur, lakin ölkələr yalnız vaksinlərə ümid edirlərsə, o halda onlar səhvə yol verirlər”. O, ictimai səhiyyənin əsas tədbirlərini zəiflətməməyə səsləyib.
Vaksinlərin ədalətli şəkildə bölüşdürülməsinin vacibliyindən söhbət açan Gebreyesus bildirib ki, COVAX mexanizmi çərçivəsində may ayının sonunadək 142 ölkəyə təqribən 237 milyon doza, o cümlədən bu həftə 11 milyon doza vaksin çatdırılacaq.
ÜST rəhbəri Afrika ölkələrinə ilk vaksin partiyasının çatdırıldığını xəbər verib. Bu gün Qana və Kot-d’İvuarda tibb işçilərinin vaksinasiyasına başlanılıb.
T.Gebreyesus vurğulayıb: “Biz çox şadıq ki, aşağı gəlirə malik ölkələrdə səhiyyə sahəsinin işçiləri peyvəndlənir. Lakin bunun yalnız indi - dünyanın bəzi zəngin ölkələrində vaksinləmə kampaniyasına başlanandan 3 ay sonra baş verməsi təəssüf doğurur”.
O əlavə edib ki, zəngin ölkələrdə artıq daha gənc və sağlam insanların peyvəndlənməsi prosesi gedir, yoxsul ölkələrdə isə tibbi heyət və yaşlı insanlar üçün vaksin hələ də əlçatan deyil.
ÜST-nin Baş direktoru daha sonra deyib: “Ölkələr bir-biri ilə yarışa çıxmayıblar, bu, virusa qarşı birgə mübarizədir. Biz ölkələrdən öz xalqlarını riskə atmalarını xahiş etmirik. Biz bütün ölkələrdən virusun hər yerdə məğlub edilməsi üzrə qlobal səylərə qoşulmalarını xahiş edirik”.
O əlavə edib ki, ÜST COVAX üzrə tərəfdaşları ilə birgə hədəfə nail olmaq üzərində yorulmadan çalışır. Hədəf isə bu ilin ilk 100 günündə hər ölkədə vaksinləməyə başlamaqdır. ÜST-nin Baş direktoru xatırladıb ki, bu müddətin sona yetməsinə cəmi 40 gün qalıb.