CƏMİYYƏT
ÜST, UNICEF və UNESCO: kompleks tədbirlərin görülməsi ilə pandemiya şəraitində məktəblər açıla bilər
Bakı, 16 sentyabr, AZƏRTAC
Koronavirus infeksiyası uşaqlar üçün ölümlə nəticələnə bilər, lakin bu nadir bir haldır - böyüməkdə olan nəsil COVID-19-u əsasən nisbətən asanlıqla keçirir. Bununla belə, uşaqlar üçün risk amillərinin və infeksiyanın uzunmüddətli təsirlərini anlamaq üçün əlavə araşdırmaya ehtiyac var. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus UNICEF və UNESCO-dan olan həmkarları ilə birlikdə mətbuat konfransında çıxış edərək bildirib.
Koronavirusa yoluxanlar arasında 20 yaşınadək insanlar cəmi 10 faiz, bu xəstəlikdən ölənlər arasında yalnız 0,2 faizdir. Bununla belə, COVID-19-un uzunmüddətli təsirləri hələ də yaxşı öyrənilməyib və əlavə araşdırmaya ehtiyac var.
Eyni zamanda ÜST rəhbəri doktor Tedros Qebreyesus, pandemiyanın uşaqları və yeniyetmələri qida və peyvənd ilə təmin edən xidmətlərin işində pozuntulara yol açdığını və milyonlarla məktəblinin bir neçə ay ərzində məktəbə getmədiyini xatırladıb. Tədris ilinin başlaması ilə uşaqları infeksiyadan necə qorumaq və yenidən məktəbləri bağlamaq ehtiyacından çəkinmək sualı kəskin şəkildə ortaya çıxır.
“Məktəblərdə infeksiya yayılmasının qarşısını almaq üçün başqa yerlərdə tətbiq olunan tədbirlərin görülməsi tövsiyə edilir”, - deyə doktor Tedros qeyd edib. UNESCO, UNISEF və ÜST ölkələrin hökumətlərini məktəblərin açıq qalmasına səy göstərməsinə çağırır. "Bunun uşaqlara necə təsir etdiyini nəzərə alaraq, təhsil müəssisələrini bağlamaq qərarı yalnız zəruri hallarda verilməlidir, - deyə ÜST rəhbəri vurğulayıb. – Əgər bunsuz keçinmək mümkün deyilsə, bütün uşaqlara distant təhsil imkanı təmin edilməlidir”.
Bundan öncə BMT qurumları pandemiya şəraitində məktəblərin təhlükəsiz işini təmin etmək üçün hərtərəfli tövsiyələri dərc ediblər. “Dəfələrlə təkrar etdiyimiz kimi, risk var, - deyə doktor Tedros əlavə edib. – Ancaq düzgün hərtərəfli tədbirlər görməklə uşaqları xəstəlikdən qoruya bilərik, həm də onlara sağlamlığa və təhsilə dəyər verməyi öyrədə bilərik”.
UNICEF rəhbəri Henriyetta For çıxışında, pandemiyanın bir sıra ölkənin səlahiyyətlilərini məktəbləri bağlamağa məcbur etdiyindən sonra 463 milyon uşağın distant təhsil ala bilmədiklərini xatırladıb. Onun sözlərinə görə, bu internet, kompüter və ya mobil cihazların olmaması ilə əlaqədardır.
“İcazə verin, sizinlə digər narahat edən məlumatla da bölüşüm”, - deyə For əlavə edib. - UNICEF-in əməkdaşları 158 ölkədə sorğu keçiriblər və məlum olub ki, onların dörddə birində hələ də məktəblərin işinin bərpa edilməsi planları hazırlanmayıb”.
O vurğulayıb ki, təhsil müəssisələrinə gəlmək imkanından məhrum olan uşaqlar müxtəlif fənlərdən geridə qalmaqla yanaşı, bəziləri evdə zorakılığa, o cümlədən emosional zorakılığa məruz qala bilərlər və lazımi dəstək ala bilmirlər. Bundan əlavə, UNICEF rəhbərinin sözlərinə görə, proqnozlara görə pandemiya səbəbindən ən azı 24 milyon uşaq ümumiyyətlə təhsil almayacaq.
“Buna görə də, hökumətləri məhdudiyyətlər götürülən kimi məktəblərin fəaliyyətinin bərpasını prioritet məsələlər sırasına salmağa çağırırıq”, - deyə Henriyetta For qeyd edib.