CƏMİYYƏT


ÜST: Üç ayda ilk dəfə olaraq COVID-19-a yoluxanların sayında azalma müşahidə olunub

Bakı, 2 dekabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə sentyabr ayından bəri ilk dəfə olaraq COVID-19 xəstəliyinə yeni yoluxmaların sayında azalma qeydə alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuat konfransında bildirən təşkilatın baş direktoru Tedros Qebreyesus bunu Avropada son həftələrdə koronavirus əleyhinə görülən tədbirlərlə əlaqələndirib.

ÜST rəhbəri bununla bağlı əhalini sayıqlığı itirməməyə, səyahətlərdən mümkün qədər imtina etməyə, Yeni il, Milad və digər bayramları dar mühitdə, ev şəraitində keçirməyə çağırıb.

“Bayram günləri biz hamımız yaxınlarımızın yanında olmaq istəyirik. Lakin ailə və dostlarla birlikdə olmağa cəhd etməklə biz nə özümüzü, nə də onların həyatını təhlükəyə məruz qoymamalıyıq. Görüşmək barədə qərar qəbul etməklə biz kiməsə təhlükə yaratmamağımıza əmin olmalıyıq”, - deyə ÜST-nin rəhbəri qeyd edib. O, yalnız açıq havada bir araya gəlməyə, fiziki məsafəni saxlamağa, səyahətlərdən, izdihamlı alış-veriş mərkəzlərindən çəkinməyə, zəruri malları mümkün qədər internet vasitəsilə sifariş etməyə, maska taxmağa, dezinfeksiyaedici maddələrdən istifadə etməyə, əlləri tez-tez yumağa çağırıb.

“Bütün bu ehtiyat tədbirləri sizə və başqalarına infeksiya riskini minimuma endirməyə kömək edəcək”, - deyə ÜST-nin rəhbəri qeyd edib. O, səbirli olmağı, gələcək üçün planlar qurmağı və yalnız təhlükə sovuşduqda bir araya gəlməyi tövsiyə edib.

“Pandemiya, təbii ki, sona çatacaq. Buna biz hamımız öz töhfəmizi verməliyik”, - deyə doktor Tedros bildirib.

O qeyd edib ki, ÜST-nin özündə artıq işlənib-hazırlanmaqda olan mövcud vasitələrdən və vaksinlərdən istifadə etməklə pandemiya üzərində qələbə qazanılacağına inanırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.