CƏMİYYƏT


ÜST: Yeni növ koronavirusa qarşı vaksin və dərmanlar hazırlamaq üçün 31 milyard dollardan çox vəsait toplanmalıdır

Bakı, 27 iyun, AZƏRTAC 

COVID-19 üzərində tam qələbə qazanmaqdan ötrü effektli vaksinin tapılması vacibdir. Lakin hələlik pandemiyanın miqyası böyüyür. Yoluxanların sayının gələn həftə 10 milyona çatacağı ehtimal olunur. AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının (BMT) saytına istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bəyan edib.

“Ebola qızdırması ilə mübarizədə effektli olmuş bir çox ictimai səhiyyə tədbirləri, — məsələn, xəstəlik hallarının aşkarlanması, izolyasiya, test aparılması, əlaqələrin izlənməsi və yardımın göstərilməsi, — hazırda eynilə COVID-19-a qarşı aparılan müalicədə tətbiq edilir. Lakin Ebola ilə mübarizə üçün bizim effektiv vaksinimiz var idi, COVID-19-a qarşı isə hələlik belə bir vaksinimiz yoxdur”, — deyə Tedros Qebreyesus Cenevrədə brifinqdə qeyd edib. Onun sözlərinə görə, vaksinsiz Ebola xəstəliyinə tutulanların və ölənlərin sayı daha çox olardı.

“Məlum məsələdir ki, COVID-19 üzərində nəzarəti təmin etmək və insanların həyatını xilas etmək üçün effektiv vaksinlərə, diaqnostika və müalicə vasitələrinə ehtiyac var. Bütün bunları isə görünməmiş miqyasda və ən qısa müddətdə etmək lazımdır”, - ÜST-nin rəhbəri bildirib. O əlavə edib ki, koronavirusun qarşısının alınması, aşkarlanması və müalicəsi istiqamətində bütün vasitələr təkcə onların xərcini ödəyə bilənlər üçün deyil, hər kəs üçün əlçatan olmalıdır.

ÜST-nin baş elmi işçisi Sumiya Svaminatan qeyd edib ki, adətən effektli vaksinin hazırlanması və istehsal prosesi 10 ilədək davam edir. Lakin indiki şəraitdə tez hərəkət etmək lazımdır.

“Biz bu vaksinin (koronavirusa qarşı) hazırlanması və istehsal edilməsi üçün 12 ay, maksimum 18 ay vaxt ayırmışıq. Bu, görünməmiş proses olacaq”, – deyə Svaminatan söyləyib. O, bu günə qədər mövcud olan 200 namizəd vaksinin hazırda hamısının hazırlanma prosesində və müxtəlif klinik sınaq mərhələlərində olduğunu deyib. Onlardan təxminən 15-i insanlar üzərində artıq sınaqdan keçirilir.

Qebreyesusun sözlərinə görə, şənbə günü COVID-19-a qarşı mübarizə üçün vəsait toplamaq məqsədilə Avropa Komissiyası və “Global Citizen” (Dünya vətəndaşı) Beynəlxalq Hüquq Müdafiə Təşkilatının himayəsi altında böyük tədbir keçiriləcək. Tədbirin məqsədi 31, 4 milyard ABŞ dolları məbləğində vəsait toplamaqdır. Təşəbbüsün elan olunduğu aprel ayından başlayaraq bu günədək 3,4 milyard dollar maliyyə vəsaiti yığılıb.

Bu vəsait münasib qiymətə olan ucuz peyvəndin hazırlanmasını və istehsalını sürətləndirməyə, həmçinin bu istiqamətdə daha effektiv diaqnostika və müalicə üsullarının tapılmasına imkan verəcək.

ÜST rəhbərinin dediyi kimi, hamını vaksinlə ədalətli şəkildə təmin etmək mürəkkəb məsələdir, ancaq bizim başqa yolumuz yoxdur. Ona görə bu vaksinin əldə edilməsi üçün hökumətlərin, istehsalçıların, səhiyyə təşkilatlarının, vətəndaş cəmiyyətlərinin və ümumilikdə bütün icmaların birgə fəal əməkdaşlığı tələb olunur.

“Vaksinlər, diaqnostika və müalicə həyati vacib alətlərdir, lakin onları həmrəylik olmadan əldə etmək mümkün deyil”, — deyə Tedros Qebreyesus təşkilatın mənzil-qərargahında keçirilən brifinqdə bəyan edib.

Qebreyesus Avropa parlamentariləri qarşısında çıxışında isə xatırladıb ki, cəmi bir neçə ay ərzində bütün dünyanı bürüyən pandemiyanın miqyası artmaqda davam edir. Artıq koronavirusa 9,2 milyondan çox insan yoluxub, 480 min nəfər isə həyatını itirib. Koronavirusun yayılmağa başladığı ilk ayda ÜST tərəfindən 10 mindən az, ötən ay isə təxminən 4 milyon yeni yoluxma halı qeydə alınıb. “Gələn həftə biz yəqin ki, 10 milyon yoluxma və 500 min ölüm həddini aşacağıq”, — deyə ÜST-nin başçısı bildirib.

Avropanın bir çox ölkələrində virusun qarşısının alınması mümkün olsa da, ona hələ tam qalib gəlmək olmur və o, hələ dövr edir. Dünyada insanların çoxu hələ də yoluxma təhlükəsi altındadır.

ÜST-nin Cenevrədə keçirdiyi brifinqində jurnalistlərin suallarını cavablandıran sözügedən təşkilatın digər nümayəndəsi Ranyeri Querra “ispanka” ilə hazırkı pandemiya arasında paralellər apararaq xatırladıb ki, “ispanka”ya da yoluxma halları COVID-19 kimi yay aylarında azalaraq, sentyabr və oktyabr aylarında yenidən qayıdıb. ÜST payız aylarında yoluxma hallarının yenidən daha da artacağından narahatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.