CƏMİYYƏT
ÜST "Sinovac"ın peyvəndlərini COVAX çərçivəsində qiymətləndirəcək
Pekin, 11 fevral, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çinin "Sinovac Biotech" şirkətinin COVID-19 virusu əleyhinə olan "CoronaVAC" peyvəndini COVAX təşəbbüsü çərçivəsində qiymətləndirəcək.
AZƏRTAC xəbər verir ki, bunu şirkətin idarə heyətinin sədri İn Veydon CGTN kanalına müsahibəsində söyləyib. "Sinovac" ÜST-nin peyvəndlərin bütün dünya üzrə ədalətli bölgüsünü hədəf alan COVAX təşəbbüsü üzrə təşkilata müraciət edən 3 Çin şirkətindən biridir. ÜST-dən müsbət cavab almaq üçün bütün şirkətlərin müraciətləri bir neçə mərhələdə baxılır.
İn Veydon bildirib ki, "Sinovac" COVAX təşəbbüsü çərçivəsində peyvənd tədarükü üzrə müsabiqəyə qoşulmaq üçün ötən ilin noyabrında dəvət alıb. Şirkətin peyvənd istehsalı keyfiyyətini qiymətləndirmək üçün ÜST-nin göndərdiyi heyətin Çinə səfəri başlayıb. Onlar fevralın ikinci yarısında şirkətdə müvafiq araşdırmalar aparacaqlar. Əgər "Sinovac" həmin qiymətləndirmədən müsbət rəy alarsa, onda Çin şirkəti COVAX təşəbbüsü üzrə peyvənd təchizatına qoşula biləcək.
Qeyd edək ki, "Sinovac Biotech" şirkətinin COVID-19 virusuna qarşı peyvəndinə dünyada maraq böyükdür. "CoronaVac" peyvəndinin Çin, Türkiyə, İndoneziya, Braziliya, Çili və bir neçə başqa ölkədə tətbiqinə icazə verilib. Ötən ay Azərbaycanda başlayan COVID-19 virusuna qarşı vaksinasiya prosesində də məhz "Sinovac"ın peyvəndindən istifadə olunur. Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Çin hökuməti bu peyvəndin ölkədə kütləvi istifadəsinə də icazə verib. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin