CƏMİYYƏT


ÜST antibiotiklərə davamlılığa qarşı birgə fəaliyyətə çağırır

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 18-dən 24-nə kimi keçirilən Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsi COVID-19 pandemiyası dövründə daha böyük əhəmiyyət kəsb edir. Bu il üçün əsas diqqət COVID-19 pandemiyası dövründə antibiotiklərə davamlılıq böhranının dayandırılmasına yönəlib.

Antimikrob preparatlara davamlılıqla bağlı müzakirə aparmaq və antibiotiklərin düzgün istifadəsi barədə məlumatlılığı artırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi Səhiyyə Nazirliyi, TƏBİB və Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə onlayn brifinq təşkil edib.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi doktor Hande Harmancı açılış nitqində xüsusilə qrip mövsümündə və COVID-19 pandemiyası dövründə antibiotiklərin düzgün istifadəsinin vacibliyini vurğulayıb, antibiotiklərə davamlılığa qarşı birgə fəaliyyətə çağırıb.

ÜST-nin mütəxəssisi Cəvahir Süleymanova ÜST-nin tövsiyələri və bu sahədə Azərbaycanda aparılan birgə işlər barədə məlumat verib. Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Nazifə Mürsəlova və Tamilla Əliyeva antibiotiklərə davamlılıq və COVID-19-la bağlı gördükləri işlər barədə danışıblar. Bildirilib ki, pandemiya dövründə antibiotiklərdən yanlış istifadənin artması antimikrob preparatlara davamlılığı gücləndirə və ehtiyacı olan şəxslərin bu dərmanlardan məhrum olmasına gətirib çıxara biləcəyini öyrəndik.

Brifinqdə, həmçinin bildirilib ki, bir ay ərzində Bakı və Sumqayıtda əhali arasında antibiotiklərlə bağlı məlumatlılığın səviyyəsini müəyyənləşdirmək üçün sorğu keçiriləcək. Bu, hər il bu sahədə baş verən dəyişikliyi izləmək üçün aparılan bir sıra araşdırmalardan biridir.

Hər il Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi qlobal antimikrob preparatlara davamlılıq barədə məlumatlılığı artırmağa, dərmanlara davamlı infeksiyaların yaranmasının və yayılmasının qarşısını almaq üçün geniş ictimaiyyət, tibb işçiləri və siyasətçilər arasında ən yaxşı təcrübələrin tətbiqinə təşviq edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.