CƏMİYYƏT


ÜST ekspertləri "Sinovac"ın peyvəndinin 60 yaşdan aşağı şəxslər üçün qiymətləndirilməsini açıqlayıb VİDEO

Pekin, 7 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan COVID-19 virusu əleyhinə “CoronaVac” vaksininin müxtəlif yaş qrupları üzrə qiymətləndirilməsi çərçivəsində 60 yaşdan aşağı şəxslər üçün peyvəndin təsirinə dair araşdırmanın nəticəsini açıqlayıb. ÜST “CoronaVac” vaksininin 60 yaşdan aşağı şəxsləri yeni növ koronavirusdan qorumaq üçün təhlükəsiz və effektli hesab edir.

Digər yaş qrupları üzrə qiymətləndirmənin nəticələri qarşıdakı günlərdə elan olunacaq.

AZƏRTAC Çin Mərkəzi Televiziyasının "cgtn.com" nəşrinə istinadla xəbər verir ki, ÜST-nin Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) “CoronaVac” peyvəndinin Çin, Braziliya, Türkiyə, İndoneziya və Çilidə aparılmış 3-cü mərhələ kliniki sınaqlarının nəticələrinə əsasən belə fikrə gəlib. Ekspertlər hesabatlarında “CoronaVac” peyvəndinin 2 dozasının 18-59 yaşlı şəxslərin COVID-19 virusuna yoluxmasının qarşısını aldığına çox əmin olduqlarını bildiriblər.

Qeyd edək ki, ÜST-nin Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) bir müddət əvvəlki hesabatlarında da “Sinovac” şirkətinin peyvəndinin COVID-19 infeksiyasına qarşı təhlükəsizlik və yaxşı effektivlik göstərdiyini qeyd etmişdilər.

Bir neçə gün əvvəl Avropa Dərman Agentliyi (EMA) “Sinovac” şirkətinin istehsalı olan koronavirus əleyhinə peyvəndin Avropa İttifaqında tətbiqinə icazə verilməsi üçün prosedurlara start verib.

"Sinovac" şirkətinin istehsalı olan COVID-19 virusu əleyhinə vaksinlər Çin də daxil olmaqla bir neçə ölkədə təcili və kütləvi istifadə üçün təsdiqlənib. Bu vaksinlər Avropa, Latın Amerikası, Afrika və Asiyanın 32 ölkəsində, o cümlədən, Türkiyədə, Braziliyada, İndoneziyada, Malayziyada, Macarıstanda, Serbiyada vaksinasiya prosesində istifadə olunur. Şirkət indiyədək 260 milyon doza “CoronaVac” peyvəndi istehsal edərək, sifarişçilərə çatdırılıb.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən istifadə olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.