CƏMİYYƏT
ÜST-nin Azərbaycan nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir
Bakı, 25 fevral, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəliyi Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində sosial işçilər və həssas qruplarla işləyən tibb işçiləri üçün Əsas Psixososial Dəstək və Psixoloji İlk Yardım mövzusunda təlim sessiyalarını davam etdirir.
Nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, fevralın 15-dən 27-nə kimi Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Beyləqan rayonlarında keçirilən təlimlərə təxminən 50 sosial işçi qatılıb.
Bu proqram birbaşa həssas qruplarla işləyən xidmət təminatçılarının psixososial dəstək və psixoloji ilk yardım üzrə bilik və bacarıqlarını təkmilləşdirməyi hədəfləyir. Bundan əlavə, iştirakçılar proqram çərçivəsində çətin vəziyyətlərdə işləmək üçün vacib olan və emosional tükənmə sindromunun qarşısını ala biləcək özünəqulluğu da öyrənirlər.
Qeyd edək ki, təlimlər Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi və Sosial Xidmətlər Agentliyinin təlimçiləri ilə birlikdə aparılır.
İlkin səhiyyə mütəxəssisləri, sosial işçilər və s. kimi ön cəbhə işçiləri üçün əsas psixososial dəstək və psixoloji ilk yardım üzrə təlim proqramının bütün ölkə üzrə davam etdirilməsi planlaşdırılır.