CƏMİYYƏT


ÜST-nin Türkiyədəki Əməkdaşlıq Mərkəzində təlim keçən ölkəmizin 22 həkiminə sertifikatlar təqdim olunub

Bakı, 29 aprel, AZƏRTAC

Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyi yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə sahəsində çalışan tibb işçilərinin bilik və bacarıqlarının artırılması sahəsində ardıcıl tədbirlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, aprelin 29-da həmin layihənin bir hissəsi kimi martın 22-dən 27-dək Türkiyədəki Urla Beynəlxalq Fövqəladə Hallar və Təbii Fəlakətlər üzrə Tibbi Təlim və Simulyasiya Mərkəzində (ÜST-nin Əməkdaşlıq Mərkəzi) COVID-19 pandemiyası ilə əlaqədar keçirilən təlimçilərin təlimi proqramını başa vuran həkimlərə sertifikatlar təqdim edilib.

Təqdimetmə mərasimində ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı çıxış edərək son bir il ərzində COVID-19 pandemiyası ilə əlaqədar olaraq təmsil etdiyi təşkilatın respublikamıza göstərdiyi yardım və dəstək, həmin tədbirlər sırasında epidemioloqlar, vərəm və İİV/QİÇS mütəxəssisləri daxil olmaqla ölkəmizin 22 səhiyyə işçisinin iştirak etdiyi təlim proqramları barədə danışıb. Qeyd olunub ki, təlim keçən həkimlər COVID-19 zamanı müşahidə və təmasların izlənilməsi, infeksiyaların profilaktikası və nəzarət, həmçinin pandemiya dövründə vacib tibbi xidmətlərin göstərilməsinin davam etdirilməsinə dair bilik və bacarıqlarını yeniləyiblər. Təlim iştirakçıları, İzmir, Bornova və Konakdakı səhiyyə müəssisələrinə ziyarətlərlə türkiyəli həmkarlarının praktiki təcrübəsi ilə tanış olublar. Onlar yeni əldə etdikləri bilik və bacarıqları bölüşmək üçün Azərbaycanda öz həmkarlarına təlim keçəcək və ÜST-nin digər təşəbbüslərində iştirak edəcəklər.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, ÜST-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə nəticəsində Azərbaycanın nəinki texniki vasitə, avadanlıq və qoruyucu vasitələri, həm də təlim keçmiş və səriştəli həkimləri var: “Layihə pandemiyaya qarşı mübarizədə təlimlərin keçilməsi, tibbi ləvazimatların ölkəyə gətirilməsi, qiymətləndirmələrin aparılması və məlumatlandırma kampaniyaları ilə davam etdiriləcək. Sağlamlığa xidmət edən bu layihənin davam etdirilməsi nəticəsində bəşəri təhlükəyə qarşı birlikdə mübarizə apararaq qalib gələcəyik”.

Səhiyyə Nazirliyinin nümayəndəsi Sara Həsənova və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBIB) şöbə müdiri Yaqut Qarayeva çıxış edərək COVID-19 pandemiyasının ilk günlərindən ÜST-nin tövsiyələrinə uyğun şəkildə fəaliyyət göstərildiyini və infeksion-nəzarət tədbirləri baxımından ölkəmizə hərtərəfli yardım edildiyini diqqətə çatdırıb, həkimlərin səriştəliliyinin artırılması sahəsində bu təlimlərin əhəmiyyətini vurğulayıblar.

Təlim iştirakçıları çıxış edərək Avropa İttifaqı və ÜST-nin birgə “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsində təlim proqramında əldə etdikləri biliklərə görə təşəkkür edib və həmin bilikləri digər həmkarları ilə bölüşməyə hazır olduqlarını bildiriblər.

Təlimi bitirənlərə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.