ÜST ölkəmizdə Səhiyyə Hesabları Sisteminin davamlılığının təmin olunmasına dəstək göstərir
AzerTAg.az
Bakı, 18 mart, AZƏRTAC
Səhiyyə xərclərinin izlənilməsində qlobal lider kimi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkə kontekstinin öyrənilməsi, ilkin qiymətləndirmələrin aparılması, yerli potensialın yaradılması və Səhiyyə Hesabları Sisteminin (SHS) davamlılığını təmin etmək üçün Azərbaycana texniki dəstək göstərməyə davam edir.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bu dəstək çərçivəsində, ÜST-nin ölkə ofisi tərəfindən Azərbaycanda Səhiyyə Hesabları Sistemi üzrə İşçi Qrupu yaradılıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Statistika Komitəsi təmsil olunduğu İşçi Qrupunun nümayəndələrinin və ÜST-nin Səhiyyə Sisteminin maliyyələşdirilməsi üzrə Barselona ofisinin ekspertlərinin iştirakı ilə onlayn görüş keçirilib.
Görüş iştirakçıları səhiyyə xərclərinin izlənilməsi, məlumatların və beynəlxalq müqayisələrin təmin edilməsinə dəstək göstərən SHS aləti haqqında məlumatlandırılıb, SHS-nin Azərbaycanda tətbiqi imkanları və mart ayının sonu Bakıda baş tutacaq seminarın mövzuları müzakirə edilib.
Qeyd edilib ki, SHS tətbiq edilməsində ölkələrə texniki dəstəyin göstərilməsi ÜST-nin prioritetlərindən biridir.


Xəbərin mətnində orfoqrafik səhv var