CƏMİYYƏT
ÜST qarşıdakı aylarda Avropada ölüm hallarının artacağına dair xəbərdarlıq edib
Cenevrə, 14 sentyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabr və noyabr aylarında Avropa ölkələrində koronavirus pandemiyası ilə əlaqədar gündəlik ölüm hallarının artacağını hesab edir.
AZƏRTAC xəbər verir ki, bu barədə xəbərdarlığı ÜST-ün Avropa bürosunun rəhbəri Hans Kluqe səsləndirib. O bildirib ki, hazırda Avropada koronavirusa yoluxma halları sürətlə artır, lakin gündəlik ölüm hallarının sayı isə nisbətən sabitdir. ÜST rəsmisinin sözlərinə görə, dünya indiki dövrdə pis xəbərlər eşitmək istəmir və bu, başadüşüləndir. Lakin indiki vəziyyətin bu cür davam etməsi oktyabr və noyabr aylarında ölüm hallarının artımına səbəb olacaq.
H.Kluqe eyni zamanda peyvənd maddələrinə böyük ümidlər bəslənməsini də qeyri-məhsuldar hesab edib. O, peyvənd maddələrinin təqdim olunması ilə pandemiyaya son qoyulacağına inananları ehtiyatlı olmağa çağırıb. Qeyd edilib ki, peyvənd maddəsinin əhalinin bütün qruplarına kömək etmə iqtidarında olacağı hələ ki, məlum deyil. Belə bir ehtimal mövcuddur ki, yaradılacaq peyvənd əhalinin bəzi qruplarını immunlaşdıra bilsə də, digərləri üçün təsirsiz də ola bilər. Əgər belə olarsa, o zaman fərqli peyvənd maddələrindən istifadəyə ehtiyac yarana bilər və bu isə loqistik cəhətdən çətin məsələdir.
Qeyd edilməlidir ki, son həftələrdə koronavirusa yoluxma halları Avropa ölkələrində (xüsusilə İspaniya və Fransada) ciddi şəkildə artıb. Avropa regionuna daxil olan 55 ölkədən təkcə ötən həftənin cümə günü ÜST-ə ümumilikdə 51 min yeni yoluxma halı barədə məlumat daxil olub. Bu isə aprel ayındakı ən pik göstəricidən də yüksək rəqəmdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə