CƏMİYYƏT


ÜST rəhbəri qarşıdan gələn beş il üçün ümumdünya səhiyyə sahəsindəki prioritetləri açıqlayıb

Cenevrə, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-dən 29-dək Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Komitəsinin 150-ci sessiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq qurumun baş direktoru Tedros Qebreyesus sessiyanın açılışında qarşıdakı dövrdə ümumdünya səhiyyə sahəsindəki prioritetlərdən bəhs edib.

Qeyd edilib ki, ilk olaraq sağlamlığın və ümumi rifahın dəstəklənməsi, eləcə də xəstəliklərin əsas səbəblərinin aradan qaldırılması ilə qarşısının alınması istiqamətində təcili paradiqma dəyişikliyi etmək üçün üzv ölkələr dəstəklənməlidir: “Pandemiya göstərdi ki, sağlamlığın qorunması və dəstəklənməsinə ən yüksək prioritet kimi baxmalıyıq və bunun üçün də ölkələrə və ÜST-ə sərmayələri əhəmiyyətli dərəcədə artırmaq lazımdır”.

İkinci prioritet istiqamət kimi ümumi sağlamlıq təminatının əsaslı şəkildə yenidən qurulması qeyd edilib. Bildirilib ki, ümumi səhiyyə təminatının gücləndirilməsi əsas səhiyyə xidmətlərinə çıxışı təmin edə və sonrakı böyük xərclərin qarşısını ala bilər.

Digər prioritet kimi isə epidemiya və pandemiyalara qarşı qlobal miqyasda əlaqələndirilmiş səyləri təşviq etmək, hökumət və maliyyə mənbələrinin bu səyləri dəstəkləməsinə şərait yaratmaq, ÜST tərəfindən bu kimi səyləri bütün dünyada şəbəkə halına gətirmək və koordinasiyasını həyata keçirmək qeyd edilib.

Baş direktor digər prioritetlər sırasında elm, tədqiqat və innovasiyaların, eləcə də rəqəmsal texnologiyaların gücündən sağlamlığın möhkəmləndirilməsi, xəstəliklərin qarşısının alınması, onların erkən aşkarlanması və düzgün diaqnozu üçün istifadəsinin inkişaf etdirilməsini vurğulayıb.

Yekun olaraq qeyd edilib ki, qlobal sağlamlıq arxitekturasının mərkəzində ÜST-nin fəaliyyəti qlobal sağlamlıq üzrə aparıcı və istiqamətləndirici orqan kimi gücləndirilməli və dəstək göstərilməlidir.

Qeyd edilməlidir ki, ÜST İcraiyyə Komitəsi üç il müddətinə seçilən 34 ixtisaslaşmış üzvdən ibarətdir. Komitənin sessiyasında Ümumdünya Səhiyyə Assambleyasının gündəliyi müəyyən edilir və müzakirəyə çıxarılacaq qətnamə layihələri hazırlanır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.