CƏMİYYƏT
ÜST üzvləri qlobal pandemiya paktına dair razılığa gəliblər
Cenevrə, 1 dekabr, AZƏRTAC
Dünyada gələcəkdə baş verə biləcək pandemiyalara qarşı daha yaxşı hazırlıqlı olmaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olan 194 ölkə beynəlxalq paktın imzalanmasına dair razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Ümumdünya Səhiyyə Assambleyasının Cenevrədə keçirilən sessiyasında qəbul edilib. Konsensus qərarda gələcəkdə mümkün pandemiyanın qarşısının alınması, ona hazırlıq və reaksiyanı gücləndirmək üçün konvensiya, saziş və ya digər beynəlxalq sənədin hazırlanması və müzakirəsi üçün qlobal prosesə başlamaq barədə razılıq ifadə olunub.
ÜST-nin Baş direktoru Tedros Qebreyesus bu qərarın tarixi xarakter daşıdığını, missiyası baxımından həyati əhəmiyyət kəsb etdiyini, bütün insanların rifahını və qlobal sağlamlıq arxitekturasını qorumaq üçün vacib fürsət olduğunu söyləyib: “COVID-19 pandemiyası insanları pandemiyalardan qorumaq üçün qlobal sistemdəki bir çox qüsurlara işıq saldı: bir çox hallarda ən həssas qrupa daxil olan insanlar peyvəndsiz qalır, tibb işçiləri öz həyatxilasedici işlərini yerinə yetirmək üçün lazımi avadanlıqlarla təmin olunmurlar və bir sıra ölkələr qlobal təhlükə ilə mübarizə aparmaq üçün lazım olan qlobal həmrəyliyə mane olan “hamıdan öncə mən” mentaliteti nümayiş etdirirlər”.
Bununla belə T. Qebreyesus bildirib ki, eyni zamanda, peyvəndlərin sürətli tədqiq və inkişafı proqramlarından tutmuş, gələcək nəsilləri pandemiyaların təsirlərindən daha təhlükəsiz saxlamağa kömək edəcək qlobal razılaşmanı müzakirə etmək üçün ölkələrin bugünkü öhdəliyi qəbul etmək üçün elmi və siyasi əməkdaşlığına şahid olduq.
Nəzərdə tutulan paktın hədəfi gələcəkdə baş verə bilən pandemiyalar zamanı ölkələr qarşısında hüquqi icbari öhdəliklər qoymaqdır. Paktın hazırlanması üçün məsləhətləşmələrə gələn ilin martından start veriləcək və ÜST-nin 2024-cü ildə keçiriləcək illik sessiyasında nəticələr təqdim ediləcək.