CƏMİYYƏT


ÜST və UNICEF Azərbaycanda ilkin səhiyyə xidmətinin gücləndirilməsi məqsədilə 9 milyon avroluq layihəyə start verəcək

Bakı, 30 sentyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in Azərbaycanda birgə həyata keçirəcəyi “İlkin səhiyyə xidmətinin gücləndirilməsi” layihəsinin yerli səhiyyə tərəfdaşları ilə müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər səhiyyə qurumları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi və Heydər Əliyev Fondunun təmsilçilərinin qatıldığı tədbir Azərbaycanda ilkin səhiyyə xidmətinin gücləndirilməsi (İSX) üzrə təşəbbüslərin növbəti illərdə də dəstəklənməsinə həsr olunub.

Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin mart ayından etibarən yerli səhiyyə qurumları, Şamaxı Rayon İcra Hakimiyyəti, UNICEF, BMT-nin Əhali Fondu və Heydər Əliyev Fondu ilə birgə Şamaxı rayonunda ilkin səhiyyə xidmətlərini gücləndirmək məqsədilə layihə həyata keçirir. Şamaxıda əldə edilmiş əhəmiyyətli nailiyyətlərə əsaslanaraq Azərbaycanda İSX-nin gücləndirilməsi üzrə səyləri birləşdirmək üçün sözügedən layihənin həyata keçirilməsi planlaşdırılır.

9 milyon avro dəyərində olan layihənin məqsədi dayanıqlı İSX sistemi üçün səhiyyə siyasəti və idarəçiliyini gücləndirmək, ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıqlarını inkişaf etdirmək üçün institusional imkanları genişləndirmək və seçilmiş rayonlarda prioritet ehtiyaclar üzrə ilkin səhiyyə xidmətlərini təkmilləşdirməkdir.

Güclü ilkin səhiyyə xidməti insanların həyatını xilas edir və səhiyyə sistemlərinin hər kəs üçün daha yaxşı fəaliyyət göstərməsini təmin edir. ÜST və UNICEF yerli tərəfdaşlarla sıx əməkdaşlıqda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi, həmçinin ilkin səhiyyə xidmətlərinin gücləndirilməsində Azərbaycana dəstək verən bir sıra layihələr həyata keçirməkdədir. Sözügedən layihə Avropa İttifaqı, ÜST və UNICEF-in Azərbaycana davamlı dəstəyinin tərkib hissəsi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.