CƏMİYYƏT
ÜST və UNICEF: dünyada tibb müəssisələrinin yarısında zəruri gigiyena vasitələri çatışmazlığı var
Bakı, 30 avqust, AZƏRTAC
Dünyada səhiyyə müəssisələrinin yarısında tibb kabinetləri və ayaqyolunda su, sabun və spirt əsaslı dezinfeksiya vasitələri yoxdur. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) bu gün dərc edilən məruzəsində deyilir.
Məruzədə qeyd edilir ki, 3,85 milyard insanın tibbi yardım üçün müraciət etdiyi dünyanın səhiyyə müəssisələrinin yarısında əsas gigiyena xidmətləri yoxdur, buna görə də "onlar yüksək yoluxma riskinə məruz qalırlar". Eyni zamanda, 688 milyon insan “ümumiyyətlə gigiyena xidmətləri göstərilməyən” klinika və tibb məntəqələrində müalicə olunur".
Məruzədə deyilir ki, Saxaradan cənubda yerləşən Afrika ölkələrində əllərin yuyulması üçün sabunla su tibb müəssisələrinin yalnız 37 faizində var. Latın Amerikası və Karib hövzəsi, eləcə də Cənub-Şərq və Şərqi Asiya dövlətlərində sanitar xidmətlər klinikaların və tibb məntəqələrinin 3 faiz, Saxaradan cənubda yerləşən ölkələrində isə - 22 faizində tamamilə yoxdur.
ÜST-nin Ətraf mühit və sağlamlıq məsələləri departamentinin direktoru Mariya Neyra məruzənin dərc edilməsi ilə əlaqədar bildirib ki, gigiyenanın yaxşılaşdırılması koronavirus "pandemiyasından sonra bərpa, eləcə də digər yoluxucu xəstəliklərin qarşısının alınması üçün son dərəcə əhəmiyyətlidir". O vurğulayıb ki, "sağlamlığın qorunması müəssisələrində təmiz su, təmiz ayaqyolu və tullantıların təhlükəsiz ləğv edilməsi də daxil olmaqla, əsas tədbirlərə sərmayələri artırmadan gigiyenanı təmin etmək mümkün deyil".