REGİONLAR
Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü keçirilib
Gəncə, 25 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü təşkil edilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rektor, professor Akif Süleymanov valideynlərə bildirib ki, tədris olunan fənlər üzrə tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bakalavr pilləsi üzrə müvəffəqiyyət göstəricisinin 86 faiz, magistratura pilləsi üzrə isə 97 faiz olduğunu qeyd edən rektor əlavə edib ki, imtahan sualları əvvəldən təqdim edilib. İmtahan zalları müşahidə kameraları ilə təchiz olunub. Sessiya müddətində İmtahan Qərargahı fəaliyyət göstərir. Daxil olan müraciətlər Apellyasiya Komissiyası üzvlərinin iştirakı ilə araşdırılır və qanunamüvafiq qaydada təmin edilir.
Rektor qeyd edib ki, bu günə qədər komissiyaya 140 müraciət daxil olub. Onların yarıdan çoxu müsbət həllini tapıb. Yeniliklərdən danışan rektor onu da vurğulayıb ki, artıq tələbələr öz nəticələrini universitetin rəsmi saytında müvafiq bölmədən də görə bilirlər.
Sonra valideynlər imtahan zallarında prosesi izləyiblər. Bildirilib ki, imtahanlar test və yazılı üsulla aparılır. Test imtahanları kompüter vasitəsilə həyata keçirilir. Yazılı imtahanların yoxlanması kodlaşdırma əsasında aparılır ki, bu da tələbənin nəticələrinin şəffaf və obyektiv qiymətləndirilməsinə səbəb olur.
Turizm işinin təşkili ixtisasının ikinci kurs tələbəsi Nərgiz Musayevanın valideyni Gülnar Musayeva imtahanların təşkilini yüksək qiymətləndirib. “Mənim digər övladım Almaniyada təhsil alır. Obyektivlik eynilə oradakı kimidir. Burada da imtahan sualları əvvəldən verilib, tələbə hazırlaşıb müşahidə kameraları altında imtahan verir. Müəllimlər nəticələri yoxlayan zaman cavab kartı anonim saxlanılır. Düşünürəm, bu, tələbə üçün ən ədalətli üsuldur”, - deyə valideyn deyib.
Biznesin idarəedilməsi ixtisasının I kurs tələbəsi Sevinc Quliyevanın anası Tünzalə Quliyeva da imtahan prosesinin təşkilindən razı olduğunu deyib: “Qızım bu günə qədər olan imtahanlarını müvəffəqiyyətlə verib. Bilirdim ki, burada ona stimul verən mühit var. Ancaq bir daha əmin oldum. İstənilən tələbə bu şəraiti yaxşı mənada dəyərləndirə bilər”.
Yanvarın 6-dan başlayan qış imtahanları 3 fevraladək davam edəcək.