REGİONLAR
UTECA-nın 5 komandası “TEKNOFEST”də iştirak etmək üçün qeydiyyatdan keçib
Gəncə, 21 fevral, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinin 5 komandası “TEKNOFEST” Azərbaycan festivalında iştirak etmək üçün qeydiyyatdan keçib. Bu komandalar yarışa “C” kateqoriyasında “Yaşıl texnologiyalar (GreenTech)”, “Pilotsuz uçuş aparatları (PUA), “Robotexnika” müsabiqələri üzrə 3 layihə, “B” və “C” kateqoriyalarında isə “Sosialyönümlü texnologiyalar” müsabiqəsi üzrə 2 layihə ilə qatılacaqlar.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rektor, professor Akif Süleymanov qeydiyyatdan keçən komandalarla görüşüb, onların hər birinə uğurlar arzulayıb. Layihə və startapların hazırlığına dair görüləcək işlər müzakirə edilib.
Azərbaycan Texnologiya Universitetinin 7 nəfərlik “NET” (Nirvana Energy Transform) komandası təkmilləşdirilmiş hibrid avtomobil sistemi, 5 nəfərlik “Şahin” komandası radarlardan yayınma xüsusiyyətinə malik PUA, 4 nəfərlik “Rosol” komandası robotlaşdırılmış minaaxtaran və zərərsizləşdirən robot, 4 nəfərlik “Developing World” komandası yeni “blockchain” texnologiyası, 4 mütəxəssisdən ibarət “Mobil QR” komandası isə “ASAN Parkomat” layihəsi ilə yarışa qatılacaq.
Xatırladaq ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” ilk dəfə bu il ölkə hüdudlarından kənarda – Azərbaycanda təşkil edilir.