REGİONLAR
UTECA-nın startap layihələri TEKNOFEST-də marağa səbəb oldu - bir tələbə “Baykar” şirkətində təcrübəyə dəvət edildi VİDEO
Gəncə, 8 iyun, Elcan Məmmədov, AZƏRTAC
Mayın son günlərində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı böyük əks-səda doğurdu. Dörd gün ərzində gənclər özlərini sınadılar, xəyallarını gerçəkləşdirmək üçün yeni meydan tapdılar. Festivalda ziyarətçilər və mütəxəssislər tərəfindən maraqla qarşılanan və finala vəsiqə qazanan komandalardan biri də Azərbaycan Texnologiya Universitetinin (UTECA) “Rosol” komandası oldu.
AZƏRTAC-ın bölgə müxbiri Azərbaycan Texnologiya Universitetində “Rosol” komandasının üzvləri ilə görüşüb, onların hazırladığı minaaxtaran və zərərsizləşdirən robot modeli ilə yaxından tanış olub.
Komanda robotexnika müsabiqəsində ilk onluqda yer alıb. Finala qatılan 10 komanda arasında 8-ci yeri tutub. 74,67 bal toplayan “Rosol” komandası festivalda minaaxtaran və zərərsizləşdirən robot modelini təqdim edib. Tələbələr innovativ yanaşma ilə robotun faydalı iş əmsalını yüksəltməyə və səmərəliliyi artırmağa çalışıblar.
“Hazırladığımız robot modeli minalı ərazilərə buraxıldıqda üzərində yerləşdirilən qurğu vasitəsi ilə koordinatı təyin edir və operatora göndərir. Operatorda həmin nöqtəyə gedərək minanı zərərsizləşdirir. Bu layihə üzərində işləyərkən ANAMA-nın Təlim Mərkəzində olduq və orda mütəxəssislərlə məsləhətşdik. İstəyirdik elə bir layihə hazırlayıb təqdim edək ki, faydalı və yararlı olsun. İndi bu modelin üzərində daha fəal işləyib təkmilləşdirməyə çalışırıq,” - deyə universitetin II kurs tələbəsi Rza Əsgərov deyib.
Robotexnika müsabiqəsinin final mərhələsində iştirakına görə “Rosol” komandası rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və “TEKNOFEST”in İdarə heyətinin sədri, T3 Fondu Qəyyumlar Şurasının sədri Səlçuk Bayraktarın imzaladığı sertifikatla təltif olunub.
Universitetin dosenti Nazim Vəliyev tələbələrin hazırladığı layihə sayəsində komanda üzvlərindən bir nəfərin Selçuk Bayraktar tərəfindən “Baykar” şirkətində bir illik bütün xərcləri qarşılanmaqla təcrübə keçmək üçün dəvət edildiyini deyib: “İkinci komanda startap kateqoriyasına məxsus olan “ŞahinX” pilotsuz uçuş aparatı layihəsini hazırlamışdı. Yeniliklər əsasında aparat daha çox yük götürür, daha uzun məsafə qət edir və yer quruluşundan asılı olmayaraq enə bilir. Eyni zamanda, sürətli manevr qabiliyyəti qazanır. Festivalda bu yeniliklər “Baykar” şirkətinin diqqətini cəlb edib. “Baykar” mütəxəssisləri Elmir Mövlayevlə görüşüb. Görüş zamanı “Baykar” tərəfindən layihə qeydiyyata alındı. Layihənin müəllifi olan UTECA tələbəsi bu yay “Baykar” şirkətində 1 illik təcrübəyə dəvət olunub”.