DÜNYA
ÜTT: Dünya ticarəti böhrandan gözlənildiyindən daha tez çıxa bilər
Cenevrə, 1 aprel, AZƏRTAC
Ümumdünya Ticarət Təşkilatına (ÜTT) görə dünyada ticarət koronavirus pandemiyasının yaratdığı böhrandan gözlənildiyindən daha tez çıxa bilər.
AZƏRTAC xəbər verir ki, beynəlxalq qurum bu il dünyada ticarətin 8 faiz artacağını proqnozlaşdırıb. Ötən ilin oktyabr ayında bu göstəricinin ən yaxşı halda 7,2 faiz olacağı ehtimal edilirdi. Eyni zamanda, ÜTT 2020-ci ildə 3,8 faiz geriləyən qlobal iqtisadi inkişafın bu il 5,1 faiz olacağını gözləyir.
ÜTT yaydığı açıqlamada ötən il mal dövriyyəsinin gözlənildiyi kimi pis olmadığı qeyd edilib: 2019-cu illə müqayisədə azalma 5,3 faiz olub. Ötən ilin ortalarında ÜTT bu göstəricinin 12,9 faiz ola biləcəyinə dair xəbərdarlıq edirdi.
ÜTT rəhbəri Nqozi Okonyo-İveala bildirib ki, peyvəndlərə çıxışın təmin olunması ümumdünya ticarətinin yenidən öz axarına düşməsi üçün ən yaxşı stimuldur. Ona görə də peyvənd maddələrinin istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilməlidir.
Açıqlamada həmçinin qeyd edilib ki, ötən ilin noyabr ayında səmərəli peyvənd maddələrinin bazara çıxacağı xəbəri və bir çox ölkələrin iqtisadiyyata dəstək üçün maliyyə paketləri qəbul etməsi cari il üçün optimist proqnoza səbəb olub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə