SİYASƏT


UZANLAR, ONLARIN “STAR YAYIM QRUPU”VƏ İRFAN SAPMAZ, CAN ATAKLI KİMİ MUZDLULARLAƏMƏKDAŞLIQ MÜSAVAT PARTİYASININ XƏYANƏTKAR MÖVQEYİNİ BİR DAHA GÖSTƏRDİ

AZƏRTAC-IN OXUCULARA TƏQDİM ETDİYİ

MATERİAL DA BU BARƏDƏDİR
Cem Uzana məxsus “Star yayım qrupu”nun son 3-4 ayda Azərbaycana və Azərbaycan Prezidentinə qarşı apardığı çirkin, yalan və iftiralarla dolu qarayaxma kampaniyası ölkəmizdə olduğu kimi, qardaş Türkiyədə də xalqın böyük hiddətinə səbəb olmuşdur. Azərbaycanın Ankaradakı səfirliyinə və İstanbuldakı baş konsulluğuna gələn məktublar və teleqramlar, edilən telefon zəngləri, habelə ayrı-ayrı şəxslərin bilavasitə müraciətləri bunu əyani şəkildə sübut edir.

Bunu nəzərə alaraq, AZƏRTAC Azərbaycan müxalifətinin kimlərlə əməkdaşlıq etdiyini göstərmək üçün Uzanlar ailəsinin fırıldaqları barədə bəzi faktları oxucuların diqqətinə təqdim edir:

Türk xalqı ölkədə adı yüzlərlə maliyyə fırıldağında çəkilən, şübhəli bank əməliyyatlarında əli olan, bankda hesabı olan on minlərlə insanı müflisləşdirən Uzanlar ailəsini çox yaxşı tanıyır. Onlara məxsus olan və ölkənin ən böyük elektrik enerjisi istehsalçısı və satıcısı sayılan ÇEAŞ və Kəpəz elektrik şirkətləri dövlət tərəfindən müsadirə edilmişdir. Dövlətə milyard (!) dollarla zərər vuran Uzan ailəsinin fırıldaqlarının üstünün hökumət tərəfindən cəsarətlə açılması Rəcəb Tayyib Ərdoğan kabinetinin korrupsiya ilə mübarizədə ən böyük uğuru kimi qiymətləndirilir. Baş nazir Ərdoğan bu mübarizənin daha da güclənəcəyini bildirərək demişdir: “Türkiyə xalqı bu yaxınlarda bir çox başqa maliyyə fırıldaqlarının da üstünün açılacağını görəcək və gördüklərindən şoka düşəcəkdir”.

ÇEAŞ və Kəpəz elektrik şirkətləri ilə bağlı qalmaqaldan sonra hökumət Uzanlara məxsus İmar Bankı da onların əlindən alaraq, Bankları Təftiş və İdarə Qurumunun nəzarətinə vermişdir. Aparılan yoxlamalar nəticəsində Uzan qrupunun həmin bankdan 5 milyard dollardan çox(!) vəsait mənimsədiyi aşkar edilmişdir.

Onu da deyək ki, türk xalqı hər gün ortaya çıxan dəhşətli maliyyə pozuntularına və astronomik mənimsəmələrə təəccüblənmir. Çünki indiki kimi, Uzan ailəsinin keçmişi də fırıldaq, şantaj və korrupsiya faktları ilə doludur.

Xatırladaq ki, Cem Uzana və qardaşı Hakan Uzana qarşı dünyanın ən böyük telekommunikasiya şirkətləri- Amerikanın “Motorolla” və İsveçin “Nokia” şirkətləri tərəfindən Birləşmiş Ştatlarda və İngiltərədə məhkəmə prosesləri başlanmışdır. Uzanlar həmin şirkətləri 3 milyard dollar məbləğində aldatmaqda ittiham edilirlər.

Bu il iyulun 26-da Türkiyənin hüquq-mühafizə orqanları Uzan ailəsinə daha bir zərbə vurmuşdur. İmar Bankından sonra onların ikinci böyük bankı olan Adabank da əllərindən alınaraq, dövlətin nəzarətinə verilmişdir. Dünənə qədər fırıldaqçılıqda, maliyyə pozuntularında, vergidən yayınmaqda, çirkli pulların qanuniləşdirilməsində və sairədə ittiham olunan Uzan qrupu indi daha ciddi ittihamla qarşılaşmışdır. Türk Cəza Qanununun 313-cü maddəsinə görə, onlar “cinayət məqsədi ilə mafiya yaratmaqda” ittiham edilirlər. Uzanlar – ata Kamal Uzan, oğulları Cem və Hakan Türkiyə ədalət məhkəməsinin əlindən qurtara bilməyəcəklər.

“Star yayım qrupu”na daxil olan Star TV, Star maks, Kanal-6 televiziyalarından və “Star” qəzetindən daim özlərinin iqtisadi və siyasi mənfəəti üçün istifadə edən Uzanların başları bəladan təkcə yuxarıda sadalananlarla qurtarmır. Baş nazir Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətini təhqir etdiyinə görə, Star TV Türkiyənin Radio-Televizyon Üst Qurumu (RTÜD) tərəfindən bir aylığa bağlanmışdır. Kanal-6-nın da bağlanacağını görən Uzanlar tez-tələsik onun adını dəyişərək, “Anadolu” qoymuşlar. Lakin kanalın adı dəyişsə də, eyni dalğada yayımlandığını bildirən RTÜD ona qarşı təhqiqatı davam etdirməkdədir.

İyulun 22-də Star TV-də Azərbaycan Prezidenti Heydər Əliyev barədə yayımlanmış əsassız, yalan və iftiralarla dolu xəbər hər iki ölkədə böyük hiddət və qəzəblə qarşılanmışdır. Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Yaqubov Star TV-nin canlı yayımına çıxmış və telekanalın xəbərlər xidmətinin müdiri Can Ataklının bütün iddialarını təkzib etmişdir. O, oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində Star TV-nin qərəzli mövqe tutaraq, prezidentliyə namizəd Heydər Əliyevin reytinqini aşağı salmağa cəhd göstərdiyini, Müsavat Partiyasının və onun mətbu orqanının Star TV ilə əməkdaşlıq etdiyini açıq şəkildə bildirmişdir.

Can Ataklı bu ittihamlara cavab verə bilmədiyini görərək, Azərbaycan diplomatını, xalqımızı, eləcə də Orta Asiya xalqlarını təhqir etmişdir.

Ölkəmizi, onun milli liderini gözdən salmağa çalışan Can Ataklı və havadarları Azərbaycan xalqını, Orta Asiyanın türkdilli xalqlarını təhqir etməklə, özlərinin iç üzünü göstərmiş, çoxmilyonlu türk dünyası qarşısında rüsvay olmuşlar.

Eyni sözləri “Star” qəzetinin yazarı İrfan Sapmaz haqqında da söyləmək olar. Dünənə qədər Azərbaycan Prezidenti Heydər Əliyev haqqında yüzlərlə müsbət yazıları çıxan, onu yerlərə-göylərə sığışdırmayan İrfan Sapmaz qəzetçilik etikasını tamamilə bir tərəfə qoyaraq, büsbütün “dönmüşdür”. Bunun səbəbini anlamaq çətin deyildir: verilən vədlər və kim bilir, nələr hesabına əlindəki qəzetdən və imtiyazlardan Azərbaycan Prezidentinə qarşı istifadə etmək...

Lakin hər kəsə məlumdur ki, İrfan Sapmaz Azərbaycanda, sadəcə, “Avrasiya” qəzeti buraxmaqla kifayətlənməmiş, həm də ticarətlə məşğul olaraq külli miqdarda pul qazanmışdır. Azərbaycandan isə borclarını ödəmədən qaçmışdır.

İndi baxın, görün, Uzanlar, onların “Star yayım qrupu” və bu qrupun İrfan Sapmaz, Can Ataklı kimi muzdluları kimlərlə əməkdaşlıq edirlər! Görün, Müsavat Partiyası və “Yeni Müsavat” qəzeti əlləri hər yerdən üzülüb, kimlərdən imdad umurlar? Baxın və görün ki, Türkiyəni batırmağa cəhd edən mafioz qruplar Müsavatla birləşib necə Azərbaycanın daxili işlərinə qarışır, sabitliyi pozmağa çalışırlar. Amma onlar bilməlidirlər ki, bütün bu cəhdlər əbəsdir!

Yeri gəlmişkən, bir məqamı da xatırlatmaq istərdik. Kamal Uzan 1967-ci ildə “Qalatasaray” futbol komandasının İstanbuldakı stadionunun inşasını başa çatdırmışdı. Elə həmin il burada Türkiyənin və Bolqarıstanın komandaları arasında ilk oyun keçirilmişdi. Oyun zamanı stadionun tribunalarından biri çökmüş, nəticədə 4 nəfər həlak olmuş, 20-dən çox azarkeş yaralanmışdı. Bununla əlaqədar aparılan təhqiqat nəticəsində Kamal Uzanın tikinti zamanı sement və dəmir konstruksiyalar oğurladığı məlum olmuşdu. Müsavat Partiyasının və “Yeni Müsavat” qəzetinin əməkdaşlıq etdiyi, birgə çirkin kampaniyaya qoşulduğu “Star imperiyası” bu gün adı çəkilən həmin stadionun tribunası kimi çökməyə başlamışdır. Çünki bu imperiyanın təməlində 1967-ci ildə faciəli surətdə ölən günahsız insanların qanı var. Çürüməsi labüd olan Star qrupu və onun Müsavatla əməkdaşlığı da bir gün mütləq çökməli idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.