İQTİSADİYYAT
ÜZEYİR HACIBƏYOVUN ŞUŞADAKI EV-MUZEYİNDƏN XİLAS EDİLMİŞ EKSPONATLARIN SƏRGİSİ AÇILMIŞDIR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müzeyin həyətində Şuşanın qədim tarixi, mədəni abidələrinə həsr olunmuş və erməni vandalları tərəfindən yandırılmış, dağıdılmış, viran qoyulmuş dilbər guşənin bugününü əks etdirən fotosərgiyə baxmışdır.
Sonra Üzeyir Hacıbəyovun Şuşadakı ev-müzeyinin direktoru Nəsibə Eyvazova naziri 1992-ci il mayın 8-də, Şuşanın erməni qəsbkarları və onların havadarları tərəfindən işğalı ərəfəsində, muzeydən xilas edilmiş eksponatlarla – vallar, notlar və kitablarla, Ü.Hacıbəyovun ilk skripkası, ailələrinə məxsus fotoalbom, anası Şirinbəyim xanımın gəlinlik paltarı və hətta, muzeyin həyətindən götürülmüş torpaq və s. ilə tanış etmişdir.
Tədbirdə nazir Əbülfəs Qarayev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və başqaları mayın 8-nin Azərbaycan xalqı üçün ən ağır, üzüntülü günlərdən biri olduğunu, əzəli şəhərimiz Şuşanın erməni qəsbkarları tərəfindən zəbt olunmasından artıq 14 il keçdiyini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, tariximizi, mədəniyyətimizi Ü.Hacıbəyovsuz necə təsəvvür edə bilməyiriksə, Azərbaycanı da Şuşasız, Qarabağsız təsəvvür etmək mümkün deyildir. Azərbaycan xalqı milli sərvətlərimizin, tarixi abidələrimizin, dahi sənətkarlarımızın gəzdiyi küçələrin düşmən tapdağı altında qalmasına imkan verməyəcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Natiqlər ümummilli lider Heydər Əliyevin siyasi xəttini əzmlə həyata keçirən Prezident İlham Əliyevin işğal olunmuş torpaqlarımızın geri qaytarılması istiqamətində göstərdiyi qətiyyətli səyləri diqqətə çatdırmışlar.
Mərasimdə Şuşaya, onun tarixi abidələrinə, erməni işğalı nəticəsində viran qoyulmuş indiki vəziyyətinə dair film göstərilmiş, eskponatların xilas olunmasında yaxından iştirak etmiş muzey əməkdaşları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılmışdır.