ELM VƏ TƏHSİL
UZUNBURUN KOMET YERƏ YAXINLAŞIR
Bakı, 29 yanvar (AZƏRTAC). İlk dəfə 2007-ci ilin iyulunda Çin alimləri tərəfindən kəşf olunan uzunburun komet hazırda yerə yaxınlaşmaqdadır. Bu təbiət hadisəsini Azərbaycan alimləri də müşahidə edirlər.
Tayvanın “Lulin” rəsədxanasından ilk dəfə müşahidə olunan və “Lulin” adı verilən bu komet maraqlı səma cisimlərindən biri hesab edilir.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirmişdir ki, kometin uçuş istiqaməti planetlərin hərəkət istiqamətinə tamamilə tərs mütənasibdir. Bu il yanvarın 10-da periheli, yəni orbitin Günəşə ən yaxın nöqtəsini keçən bu komet yerə müəyyən qədər yaxınlaşmışdır. Alimlərin hesablamalarına görə, fevralın 24-də “Lulin” Yer planetinə ən yaxın məsafədə - 60 milyon kilometrlikdə olacaqdır. ABŞ-ın Harvard-Smitsonian Astrofizika Mərkəzinin astronomik cədvəlinə görə isə həmin gün kometin parıltısı 6 iri ulduz qədər olacaqdır.
Ə.Quliyev demişdir ki, astronomların diqqətini daha çox cəlb edən kometin uzun burnudur. İndiyədək bu cür formalı komet müşahidə olunmamışdır. Adətən kometlər kürəşəkilli, nadir hallarda quyruqlu olur. “Lulin”in isə burnu bir quyruq qədər irəli uzanmışdır. Alimlərin ehtimalına görə, səma cisminin burnu onun orbiti boyu yayılan kosmik tozlardan yaranmışdır. Kometi planetimizin onun orbitinə nəzərən uyğun bucaqda yerləşdiyinə görə, müşahidə etmək mümkün olmuşdur. Hazırda “Lulin” tərəzi bürcündədir və qız bürcünə tərəf hərəkət edir.
Alimlər kometin Yerlə toqquşması ehtimalının olmayacağını bildirir, aparılan müşahidələri kometlər sisteminin aydınlaşdırılması və öyrənilməsi yolunda mühüm addım hesab edirlər.