SİYASƏT


“Ucalt, Vətən oğlu, ucalt Bayrağı!” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ucalt, Vətən oğlu, ucalt Bayrağı!” adlı vətənpərvərlik tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq şairi Vahid Əziz “sələflərinin borcundan çıxıb, varislərə borclu qalmayan” igid oğullarla görüşüb, şairin yaradıcılığından ətraflı söhbət açılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun və xalqımızın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə şair və yazıçılarımızın yaradıcılığında da əsas mövzulardan birinə çevrilib. Yazarlarımız xalqımıza qələbə sevincini yaşadan mübariz Azərbaycan əsgərinin şərəfinə, şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə ən gözəl əsərlərini yazır, müharibənin qanlı-qadalı döyüş yollarından keçib, neçə illərdir işğal altında inildəyən tarixi torpaqlarımızı erməni faşizminin əsarətindən xilas edərək Zəfər Bayrağımızı Şuşa qalasına sancan şir ürəkli oğullarımızı sevə-sevə tərənnüm edirlər.

Xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, əsgər və zabitlərimizin fədakarlığının, şücaətinin, qətiyyətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin, hücum diplomatiyasının və dəmir yumruğunun qələbəsi olan bu tarixi hadisə ilə bağlı yeni-yeni şeirlər, poemalar, hekayə, povest və romanlar yazılır və bundan sonra da yazılacaq.

Oxucuların sevgi-məhəbbət şairi kimi tanıdığı, lirik şeirlərinə bəstəkarlarımızın musiqi bəstələdikləri neçə-neçə mahnının sözləri müəllifi Xalq şairi Vahid Əzizin birdən-birə qələmini süngüyə çevirərək müsəlləh əsgər olması, bu mövzu ilə bağlı bəlkə də bütün şairlərimizdən daha çox şeirlər yazması heç də təsadüfi deyil. Bu, şairin özünün də yazdığı kimi,

Ordu zəfər çaldı, son həmləsiylə,

Vətən Qələbəyə açdı qolunu.

Kimi qələmiylə, kimi səsiylə,

Kimi müjdəsiylə gətirdi onu.

Vahid Əziz müharibənin ilk günündən əmin idi ki, Azərbaycan xalqı, mütəşəkkil nizami ordumuz düşmən üzərində mütləq qələbə çalacaqdır. O inanırdı ki, “Torpaq suvarılacaq, dən səpiləcək, qaliblər yoluna gül ələnəcək. Ocaq közərəcək, daş isinəcək, özünə gələcək qartallı dağlar. “El gücü - sel gücü yurdu ucaldacaq”.

Uzaqgörən şairin arzuları yerinə yetdi. Azərbaycan dövlət müstəqilliyinin bərpasına nail oldu, tarixi torpaqlarımız işğaldan azad edildi. Ermənistanın özü haqqında yaratdığı miflər darmadağın edildi. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xalq şairi Vahid Əzizlə “sələflərin borcundan çıxıb, varislərə borclu qalmayan” igid oğullarla görüşdə şairin yaradıcılığından ətraflı söhbət açılıb, onun Vətəni, Bayrağı, Azərbaycan Ordusunu və möhtəşəm Qələbəni tərənnüm edən alovlu şeirləri əsgər və zabitlərin böyük marağına səbəb olub, onların döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb.

Böyük səmimiyyətlə qarşılanan şair tədbir iştirakçıları ilə birlikdə öncə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramını bildirərək deyib:

“Ruhları şad olsun canından keçib

Bizə səadəti bəxş edənlərin.

Böyük istiqlalın bağını salıb,

Amma ki, barını görməyənlərin”.

Bir əsgərin şairin “Bayraq” şeirindən söylədiyi misralar tədbir iştirakçılarına həm qürurlu, həm də duyğulu anlar yaşadıb:

“Bayraq qibləgahdır – inam yeridi,

Önündə diz çöküb gərək öpülsün.

Şəhidin üstünə o sərilir ki,

Vətəndən arxayın uyuya bilsin”.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani “Vahid Əziz yaradıcılığında Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin tərənnümü” mövzusunda çıxış edərək bildirib ki, Vahid Əziz həm müharibə ərəfəsində, həm müharibənin gedişində, həm də müharibədən sonra sözün həqiqi mənasında, yazı masasını səngərə döndərərək qələmi ilə döyüşüb və nəinki bugünkü, eyni zamanda, gələcək nəsillər üçün bir poeziya abidəsi yaradıb. Bu abidənin hər kərpicindən barıt qoxusu, kişilik, ərənlik qoxusu gəlir. Hər kərpicdə müharibənin əks-sədası, dərələrdən, təpələrdən sıldırım qayalıqlardan ildırım sürəti ilə Şuşaya can atan igid əsgərin nərəsi, son nəfəsində “Vətən”, “Qarabağ Azərbaycandır!” deyən igidin harayı, övladının tabutu önündə başını dik tutaraq, onlara təqdim edilən bayrağı köksünə sıxıb “Vətən sağ olsun!” deyən şəhid valideynlərinin qüruru və xalqla ordunun birliyinin əzəmətli çağırış nidaları duyulur.

Müzəffər Ali Baş Komandan hər gün bir yaşayış məntəqəsinin, şəhər və kəndlərin azad olunduğu xəbərini verdikcə şair yerə-göyə sığmır, sanki Qələbəyə gedən yolların ayrıcında dayanıb bu möhtəşəm mənzərəni seyr edir:

“Yurdumda ucalan yüksəkliklərə

Bayraqlar sancıla-sancıla gedir.

Qələbə adlanan müqəddəs günə

Vətənim ucala-ucala gedir.

Müzəffər Ordumuz, igid Ordumuz

Xalqın qüdrətiylə qol-qola gedir”.

Otuz ilin yurd həsrətinə son qoyulduqca, köçən ellərinin yolunu gözləyən od-ocaq, ana torpaq köks ötürərək rahat nəfəs aldıqca Vahid Əzizin də könlündə yeni bir bayatı boy atır:

Dən səpdik – bitən oldu,

Ormanlara tən oldu.

Buralar torpaq idi,

Can verdik Vətən oldu.

Ata-babaların qəhrəmanlıq ənənələrini uğurla davam etdirən Azərbaycan Ordusu döyüşür, arxa cəbhə döyüşən ordu ilə nəfəs alır, “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!” şüarı bütün ölkəni əhatə edir. Hər bir Azərbaycan vətəndaşı qarabağlıdır. Hər kəs Qələbəyə öz töhfəsini verməyə çalışır. Qocanı da, cavanı da düşündürən bir məqam var: “Minillik torpaqlarımız erməni əsarətindən tezliklə xilas edilməlidir!”.

Hər yerdə qələbəlikdir. Ön cəbhədə də, arxa cəbhədə də. Belə bir mənzərə şairin diqqətindən yayınmır:

“Qaçqın nənələrin əli qaşında,

Yollara baxırdı – “nə oldu Şuşam?”

Qonşuda bir ahıl – doxsan yaşında,

Döşünə döyürdü: - “topçu olmuşam”.

Ömrünün 57 ilini Vətənimizin təhlükəsizliyinin təmin olunmasına, müqəddəs sərhədlərimizin mühafizəsinə həsr edən Əməkdar hüquqşünas, general-mayor Abbasəli Novruzov tədbir iştirakçılarını salamlayıb, onlara Vətənin müdafiəsində qazanılan möhtəşəm Qələbənin üstünə yeni-yeni qələbələrin gətirilməsində uğurlar arzulayıb.

General-mayor A.Novruzov deyib: “Şairlik Allah vergisidir, şairlər xalqın, millətin səsidir. Şairlər cəmiyyətin güzgüsüdür, mənsub olduqları xalqın danışan dilidir. Şairlərin arzuları, niyyətləri əvvəl-axır çin olur. Vaxtilə Xalq şairi Qabil “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” deyəndə məhz Vətənimizin bu gününü görürdü. İndi böyük şairimizin də ruhu şaddır ki, Azərbaycan əsgəri onun da arzularını, ümidlərini doğruldub.

85 yaşlı general-mayor daha sonra deyib: “Sevinirəm ki, bu Zəfəri görmək mənə də qismət oldu. Sevinirəm ki, şəhidlərimizin qanı yerdə qalmadı, siz onların intiqamını döyüş meydanlarında vuruşaraq, qan tökərək aldınız. İftixar hissi keçirirəm ki, ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Mən fəxr edirəm ki, bu möhtəşəm Qələbədə hər bir Azərbaycan vətəndaşının payı var. Qalib bir ordunun döyüşçüləri arasında olmaq, həqiqətən də bu gün mənim üçün çox qürurvericidir”.

General-mayor sonra çıxışına əlavə edib: “Adını həmişə hörmətlə xatırladığımız ümummilli lider Heydər Əliyev həmişə arzu edərdi ki, gənclərimiz milli ruhda tərbiyə olunsun, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələndirilsin. Gənclərimiz tariximizi, keçmişimizi, yaxşı bilsinlər, milli dəyərlərimizi, ədəbiyyatımızı yaxşı bilsinlər. Mən orduda şəxsi heyətin ən müasir texnologiyalara, hərb elminə, peşəkar vərdişlərə səylə yiyələnmələrini və bu istiqamətdə böyük iş apardığını yüksək qiymətləndirirəm. Bununla yanaşı, orduda ideoloji iş və şəxsi heyətin mənəvi-psixoloji təminatı da ürəkaçandır. Mənim dostum Xalq şairi Vahid Əzizlə keçirilən bu görüş inanıram ki, hərbi qulluqçuların yaddaşından heç vaxt silinməyəcək və onların bundan sonra da Vətənə, dövlətə, xalqa sədaqətlə, şərəflə xidmət etmələrinə təkan verəcəkdir. Şübhəsiz ki, Vahid Əziz poeziyası sizi Vətən tarixinə daha parlaq səhifələr yazmağa ruhlandıracaq, yolunuzu nurlandıracaq. Elə şairin şeirlərinin qayəsi də bundan ibarətdir:

Qazan, Azadlığı yaşat qəhrəman!

Ucalt, Vətən oğlu, ucalt Bayrağı!

Canı – şəhid qanı, kainat, ümman,

Babək qılıncıdır əl tutacağı”.

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin Xalq şairi Vahid Əzizin vətənpərvərlik şeirləri əsasında hazırladığı videoçarxlar tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Vətən müharibəsi iştirakçılarından polkovnik Elvin Əzizov və polkovnik-leytenant Elmar Zeynalabdinov Xalq şairi Vahid Əzizlə dəfələrlə görüşdüklərini, onun şeirlərinin Azərbaycan əsgəri tərəfindən həmişə sevgilərlə qarşılandığını qeyd edib və bu günlərdə işıq üzü görən şairin “Param-parça illər” adlı kitabının hərbi hissələrdə təqdimatı ilə bağlı keçirilən tədbirlərdə şəxsi heyətin necə böyük ruh yüksəkliyinə səbəb olduğunu bildiriblər.

Əməkdar jurnalist, ehtiyatda olan mayor Rəşid Faxralının Vahid Əzizin “Param-parçı illər” kitabı haqqında “Şeiri könlümə işıq bilirəm” adlı məqaləsinin də yer aldığı “Azərbaycan Ordusu” qəzetinin yeni nömrəsi tədbir iştirakçılarına paylanıb və bu, şairi çox sevindirib.

Azərbaycan Ordusunda həqiqi hərbi xidmətlərini başa vurduqdan sonra öz həyatlarını zabitlik peşəsinə, Vətənə xidmət peşəsinə həsr etmək məqsədilə “Ehtiyat Zabit Hazırlığı” kursuna daxil olan ali məktəb məzunları Şahbaz Quliyev (Bakı Dövlət Universiteti), Şahin Rəhimli (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) və Samir Məmmədli (Gəncə Dövlət Universiteti) Vahid Əziz şeirlərinə vurğunluqlarından danışıb, şeirlərdən nümunələr gətirilib və şairə suallar ünvanlayıblar.

Xalq şairinin hər bir sualı ətraflı cavablandırması, onun səmimiliyi tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solisti, Ərgünəş dağında şəhidlik zirvəsinə ucalan Şəhriyar Vəziroğlunun əmisi Qoşqar Qasımov muğam üçlüyünün müşayiəti ilə Vahid Əzizin “Qarabağ” qəzəlini böyük şövq ilə ifa edib:

...Hər gülün öz sevgisi, mən də sənin Məcnununam,

Sən də Ata ocağım, mehriban Anam, Qarabağ.

Ömrünü Vahid Əziz əsla tamam saymaz, inan,

Olmasa torpağına əbədi mehman, Qarabağ.

Xalq şairi Vahid Əziz yeni şeirlərini oxuyub və Vətən əsgərlərinə şanlı döyüş tariximizə daha parlaq səhifələr yazacaqlarına əminliyini bildirib, tədbirin təşkilatçılarına minnətdarlıq edib.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov Xalq şairi Vahid Əzizə nazirliyin dəvətini məmnuniyyətlə qəbul edərək, bugünkü görüşə gəldiyinə, yaradıcılığında Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəyə, rəşadətli Azərbaycan Ordusunun şücaətinə geniş yer verdiyinə görə Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkürünü bildirib və ona daha böyük yaradıcılıq uğurları arzulayıb.

Tədbir iştirakçıları bir ağızdan “Vətən müharibəsində ucalan Zəfər bayrağımız əbədi dalğalanacaqdır!” söyləyərək şairi əmin ediblər.

Qonaqlara gül çələngləri, tədbir iştirakçılarına şairin imzası ilə kitablar təqdim edilib və birlikdə xatirə şəkilləri çəkdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.