Ucar Melioservis İdarəsi tərəfindən 200 min kubmetrə yaxın kanal lildən təmizlənib VİDEO
AzerTAg.az

Göyçay, 19 dekabr, AZƏRTAC
Ucar Melioservis İdarəsi tərəfindən 200 min kubmetrə yaxın kanal lildən təmizlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ucar Melioservis İdarəsi Ağdaş və İsmayıllı rayonlarında meliorativ tədbirlərini davam etdirir. İdarə tərəfindən İsmayıllı rayonunun Qalacıq, Diyallı, Topçu ərazisində və digər kanallarda işlər artıq yekunlaşıb. İsmayıllı rayonu ərazisində 200 min kubmetrə yaxın həcmdə suvarma kanalları lildən təmizlənib. Bununla da torpaq məcralı suvarma kanallarının xidməti ərazisində olan əkin sahələrinin suvarılması yaxşılaşdırılıb. Bundan başqa, İsmayıllı rayonu ərazisindən keçən Talıstan çayda sel sularına qarşı mübarizə tədbirləri aparılıb.
Ucar Melioservis İdarəsi İsmayıllı rayonu ilə paralel olaraq, Ağdaş rayonunda da kollektor drenaj sistemlərini və suvarma kanallarını lildən təmizləyir. Belə ki, Pirǝzə-Qaroğlan kollektorunda hazırda 2 ədəd draqlayn tipli ekskavatorlar işləyir. Bu kanalın uzunluğu 9,5 kilometrdir. Kanalın təmizlənməsi ilə Aşağı Ləki, Orta və Yuxarı Ləki, Xapıtlı, Ovçulu kəndləri ərazisində yerləşən torpaqların şoranlaşmasının qarşısı alınır. Ümumilikdə idarəyə məxsus 8 buldozer və ekskavatorlar hazırda Ağdaş rayonu ərazisində bu işləri yerinə yetirir. Ağdaş rayonu ərazisində bu günə qədər 630 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilib.
Qeyd edək ki, Ağdaş rayonunda bu il 15 min hektardan artıq taxıl və 620 hektar çəltik əkilib. Bu sahələrin də suvarma suyu ilə təminatında lildən təmizlənən suvarma kanallarının payı böyük olub.
Xəbərin mətnində orfoqrafik səhv var